Bizim.Media məlumat verir ki, İngiltərənin “The Guardian” qəzeti kraliça II Elizabetin 1970-ci illərdə qəbul olunmuş rəsmi qanun layihəsini pozması ilə bağlı iddialara yer verib.
MÖVZU İLƏ BAĞLI:
II Elizabetin sarayından oğurlanan əşyalar eBay-da satıldı - Bukengem oğrusu kimdir?
Buna əsas səbəbi isə kraliçanın şəxsi sərvətinin ictimaiyyətə açıqlanmasının qarşısını almaq olub.
The Guardian qəzeti kraliça II Elizabetin 1970-ci illərdə şəxsi sərvətinin ictimaiyyətə açıqlanmasının qarşısını almaq üçün lobbiçilik edərək qanun layihəsini dəyişdirdiyini iddia edir.
Qəzet bu iddaları Britaniya Milli Arxiv İdarəsindən əldə olunan sənədlərlə əsaslandırır.
Həmin dövrdə İngiltərənin ticarət naziri olan Cofri Hov-un başqa bir nazirə göndərdiyi məktubu ortaya çxıarılıb.
Məktuba görə 70-ci illərdə ölkədə fəaliyyət göstərən şirkətlərə öz səhmdarlarının kim olmasını açıqlamaq məcburiyyəti daşıyan qanun layihəsi qəbul olunub.
Lakin İngiltərə kraliçası qanun layihəsi barədə əvvəlcədən məlumatlandırılıb və xüsusi vəkillər vasitəsilə məsələyə müdaxilə edib.
İngiltərə Mərkəzi Bankı kral ailəsini düşdüyü çətin vəziyyətdən xilas etmək üçün yeni bir həll variantı tapıb.
Belə ki, kaliçanın səhmlərinin köçürüləcəyi "Bank of England Nominees" adlı yeni şirkət qurulub.
Yeni qanun layihəsində isə "Bank of England Nominees" şirkəti də daxil olmaqla bəzi şirkətlərin öz səhmdarlarını açıqlama öhdəliyindən azad edildiyinə yer verilib.
Bu qanun kraliça II Elizabetin səhmlərini 2011-ci ilə qədər qoruyub. Daha sonra şirkət öz fəaliyyətini sonlandırıb, şirkətdəki səhmlərlə nə baş verdiyi isə bilinmir.
Qanun layihəsi ilə bağlı məlumatlar ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Qəzet kraliçanı qanunvericilik sisteminə müdaxilə etməkdə və öz şəxsi sərvətini elan etməkdən boyun qaçırmaqda ittiham edir.
İddialara görə, yeni tənzimləmə uzun illər ictimaiyyətə İngiltərəyə sərmayə qoyan dövlət və hökumət başçılarını qorumaq cəhdi kimi təqdim edilib. Əslində isə qanun tamamailə kraliça II Elizabetin səhmlərini qorumaq üçün hazırlanıb.
Kraliça II Elizabetin lobbi fəaliyyətinə yer verildiyi sənədlərin ictimaiyyətə açıqlanmasından sonra Bukingam Sarayından verilən rəsmi açıqlamada ittihamlar qəti şəkildə rədd edilib.
Xatırladaq ki, Sunday Times qəzeti İngiltərənin ən varlı adamları siyahısında kraliça II Elizabetin də adını əlavə edərək onun təxmini sərvətinin 350 milyon funt sterlinq (təxminən 480 milyon dollar) olduğuna qeyd etmişdi. Kraliçanın həqiqi sərvətinin həcmi isə qeyri-müəyyən olaraq qalır.
Rəvan Əliyev, Bizim.Media