“Prezident Volodimir Zelenski döyüşləri dayandırarsa, Ukrayna müstəqil dövlət kimi mövcudluğunu itirəcək”.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “DW Conflict Zone” proqramında deyib.
“Ukraynada kimin sükan arxasında olmasından asılı olmayaraq, Rusiyanın hərəkətlərinə reaksiya verəcəyik. Və biz onları bu müharibəni dayandırmağa çağırmağa davam edəcəyik.
Müharibəni başladan prezident Putindir və sabah öz qoşunlarını çıxarmaqla onu bitirə bilər.
Yadda saxlamalıyıq ki, Putin və Rusiya mübarizəni dayandırsa, sülh olacaq. Prezident Zelenski və Ukrayna döyüşü dayandırsa, Ukrayna müstəqil dövlət kimi mövcud olmayacaq. Və bunun baş verməsini istəmirik. Ona görə də biz Ukraynanı dəstəkləyirik”, - Stoltenberq bildirib.
O, qeyd edib ki, NATO-nun əsas prioriteti Ukraynaya hərbi dəstək verməkdir. Stoltenberq bildirib ki, döyüş meydanındakı qələbə Ukrayna Silahlı Qüvvələrinin xidmətidir, lakin NATO-nun dəstəyi olmasaydı, onlar bu uğurlara nail ola və rusları son həftələrdə olduğu kimi geri itələyə bilməzdilər.
Eyni zamanda, baş katib qeyd edib ki, Ukraynaya qarşı hər hansı nüvə silahından istifadə riski aşağıdır. “Lakin onun tətbiqinin potensial təsiri və nəticələri çox böyükdür. Ona görə də biz bu riski ciddi qəbul etməliyik”, - deyə o vurğulayıb.
Stoltenberq deyib ki, nüvə müharibəsi qalib gələ bilməz, ona görə də heç vaxt başlamamalıdır.
NATO-nun baş katibi Alyansın Rusiya Federasiyasının mümkün nüvə hücumuna necə cavab verəcəyi barədə ətraflı məlumat verməyib.
“Bu, hücumun növündən, şəraitdən, kontekstdən asılı olacaq, həm də ona görə ki, biz heç vaxt potensial rəqibə necə reaksiya verəcəyimizi bildirməməliyik. Rəsmi Moskva bilir ki, bunun ciddi nəticələri olacaq. Və biz bu mesajı son həftələrdə onlara bir neçə dəfə çatdırmışıq”, deyə o yekunlaşdırıb.
Bizim.Media