Sərhəddə ƏMƏLİYYAT – 3 narkotik alverçisi tutuldu

Sərhəddə ƏMƏLİYYAT – 3 narkotik alverçisi tutuldu

Hazırda oxunan: Sərhəddə ƏMƏLİYYAT – 3 narkotik alverçisi tutuldu

99691

"Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidməti tərəfindən 13 kiloqram 900 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb". 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə məlumatında deyilir. 

Qeyd olunub ki, oktyabrın 15-də saat 12:00-da DSX-nın Sərhəd Qoşunlarının (SQ) “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 nəfərin şübhəli hərəkətləri müşahidə olunmuş və sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs Araz çayının sahilində yerə basdırılmış ağ rəngli bağlamanı götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb.
Saxlanılan şəxsin Ucar rayon sakini 1982-ci il təvəllüdlü Həsənov Taleh Eldar oğlu olması müəyyənləşdirilib, üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 300 qram narkotik vasitə “marixuana”ya bənzər maddə aşkar olunaraq götürülüb. 

Oktyabrın 16-da saat 18:00-da DSX-nın Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun 10-cu Cəbrayıl qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub. 
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, qeyd olunan ərazi qapadılmış və nəzarətə götürülüb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə yüksək surətlə hərəkət edən göy rəngli "VAZ 2106" markalı 14-BC-269 dövlət nömrə nişanlı avtomobil şübhə doğurduğu üçün saxlanılıb. Neftçala rayon sakinləri 1988-ci il təvəllüdlü Həsənov Yusif Əlifağa oğlu və 1984-cü il təvəllüdlü Tahirov Tahir Adil oğlunun olduğu avtomobilə baxış zamanı 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 10 kiloqram 600 qram narkotik vasitə “marixuana”ya bənzər maddələr aşkar olunaraq götürülüb. 

"Faktlar üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir", - məlumatda deyilir. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO