Bir transformatora görə təhsil hüququ pozulan ŞAGİRDLƏR – “Bizi ciddi çətinliklər gözləyir”

Bir transformatora görə təhsil hüququ pozulan ŞAGİRDLƏR – “Bizi ciddi çətinliklər gözləyir”

Hazırda oxunan: Bir transformatora görə təhsil hüququ pozulan ŞAGİRDLƏR – “Bizi ciddi çətinliklər gözləyir”

99121

Son həftələrdə bir sıra ucqar kənd məktəblərində işıq insfrastrukturu ilə bağlı problemlərin olması məsələsində şikayətlərə rast gəlmək mümkündür. Problemi yaradan əsas səbəb isə məktəblərdə müvafiq tədbirlərin görülməsi üçün “Azərişıq” ASC-nin birbaşa məsələni həll edə bilməməsidir.

Oxşar problemdən Şəkinin Şin kəndinin məktəbliləri də əziyyət çəkir. Kənd sakinlərinin sözlərinə görə, məktəbin transformatoru 1 aya yaxındır sıradan çıxsa da, hələ də problem həllini tapmır. Buna səbəb isə rəsmi prosedurdan qaynaqlanır.
Məsələ ilə Bizim.Media-ya açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəsmisi Pərvanə Kazımzadə qeyd edib ki, təhsil obyektləri Elm və Təhsil Nazirliyinin balansındadır:

“Oradakı tensfarmatorlar, işıq xəttləri və digər elektrik obyektlərinin hamısı nazirliyin balansındadır. Bizim orada müvafiq tədbirləri görməyimiz üçün, nazirliyin müraciətinə ehtiyac var. Qazaxda da oxşar problem yaşanıb. Təhsil Şöbəsi ASAN Kommunala müraciət etməli idi. Amma zamanında etmədilər deyə, problemi yoluna qoymaq çətinləşdi. Yəni, təhsil şöbəsi “Azərişıq” ASC-yə müraciət etməli, müvafiq ödənişlər ödənməlidir. Bundan sonra problem həll ediləcək”.

Təhsil eksperti Elşən Qafarov isə problemin əsas səbəbinə aydınlıq gətirib:

“Ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2022-ci ilin 1 yanvarından etibarən regional təhsil idarələrinin formalaşdırılmasına start verilib. May ayından etibarənsə həmin idarələr fəaliyyətə başlayıb. Əvvəllər Təhsil Nazirliyinin tabeliyində olan təmir, təchizat kimi məsələlər 2015-ci ildən başlayaraq Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin nəzarətində idisə, indi artıq Regional Təhsil İdarəsinin Maliyyə-Təchizat sektoru bu səlahiyyətə sahibdir.

Bir regional təhsil idarəsində orta hesabla 5-6 rayon və 300-400 məktəb olduğu üçün hələ də təhsil idarələrinin müvafiq sektoru tam formalaşmayıb. Bir çox təhsil idarələrində sektorun adı olsa belə, faktiki olaraq fəaliyyət göstərmir, yəni işçilər hələ işə götürülməyib”.

Ekspertin sözlərinə görə, bu səbəbdən, ciddi problemlər yaşanır:

“Təkcə təchizatla bağlı yox, eləcə də dərsliklərin paylanması kim məsələlərdə də problemlər var.. Hesab edirəm ki, ilk növbədə təhsil idarələrinin strukturu tamamilə formalaşmalıdır. Onlar kadrların toplanmasında ciddi çətinlik çəkirlər, digər tərəfdən isə 1 aydan sonra qış mövsümü başlayır. Ona görə də, indidən diaqnostika aparılmalı və məktəblərin təchizatı məsələsində problemlər müəyyən edilməli, operativ işlər görülməlidir. 

Ümumilikdə isə, təhsil idarələrinin strukturunun tam formalaşmaması, hətta formalaşmış idarələrdə işlə bağlı təcrübənin aşağı olması səbəbindən düşünürəm ki, bu tədris ilində bizi çox ciddi sınaqlar gözləyir”.
Bir sözlə, xırda təchizat problemlərinə görə, onlarla, hətta yüzlərlə şagirdin təhsil hüququnun pozulması hallarına hazır olmalıyıq. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO