“Gizir Xanı”nın əfsanəvi kəşfiyyatçısı Müşfiq şəhid olacağını hiss edirdi. Süd qardaşı Elşən Səmədov aprel döyüşlərində şəhid olanda üzüldüyü qədər həm də təssüfləndi... Vətən müharibəsinə getməzdən əvvəl “Mən də qardaşım kimi şəhid olacağam” deyirdi... İndi hər ikisinin məzarı bir birinə yaxındır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında şəhid Müşfiq Məcidovun qardaşı Şaiq Məcidov qardaşının döyüş yolundan danışarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Şəhid olan 9 “dəniz pişiyi”ndən biri – “Ermənilərin içində olduğunu hiss etdirməyib...” - ANA - VİDEO
Əfsanəvi kəşfiyyatçı Gizir Xanının bölüyündə qulluq edən Müşfiq Bayram oğlu Məcidov 1997-ci il mart ayının 8-də Şamaxı rayonunun Göylər kəndində dünyaya göz açıb.
O, Tehran Kərimov adına 2 saylı orta məktəbin şagirdi olub. Ötən il sentyabrın 21-də səfərbərliyə çağırılaraq kəşfiyyatçı kimi təlimlərə göndərilib.
Tərtərdə təlimlərdə və “Xanı” ləqəbli kəşfiyyatçının bölüyündə iştirak edən şəhidimiz aprel döyüşlərində böyük qəhrəmanlıq nümayiş etdirib.
Vətən savaşı başlayan gündən bir çox ərazilərin, xüsusilə Suqovuşanın azad olunmasında əsl şücaətlik göstərib.
Oktyabrın 8-də Ağdərə və Talış istiqamətində gedən döyüşlərdə, hərbi postun geri qaytarılması zamanı şəhid olub.
Şaiq Məcidovun dediyinə görə, qardaşı ilə telefonda ən son şəhadətə qovuşduğu gün danışıb:
“Oktyabrın 2-si Suqovuşanın azad olunduğu gün mənə zəng etmişdi. Səsində həm həyacan, həm də sevinc var idi. Heç vaxt belə sevindiyini görməmişdim. Mənə dedi ki, 30 il sonra ilk dəfə bu torpaqlara sənin qardaşın ayaq basdı.
Bu, onun son sözləri oldu. Bizim axırıncı dəfə eşitdiyimiz son söz... Atam qardaşımın şəhid olacağını bilirdi. Hər gecə yuxusuna girirmiş və qardaşım onu “Başını dik tut” deyə təsəlli verirmiş. Qaradaşım şəhid olandan sonra atam yuxusunda gördüklərini bizə danışdı.
Ən çox istədiyi və gözlədiyi arzusu mənim evlənməyim idi. Son danışığımızda bir növ məni bu məsələdə danladı da... Dedi, torpaqları ala-ala gedirik, sənin könlünü ala bilmirik. “Niyə evlənmirsən” deyə sual verdi. Mən də “Sən salamat gəl, söz verirəm evlənəcəm” dedim”.
Müşfiqin dövlətə, elinə-obasına həddindən artıq bağlı olduğunu deyən qardaşı şəhidimizin hər zaman vətənini ailəsindən üstün tutduğunu bildirib:
“O, torpağına və millətinə can yandıran biri olub. Vətənini həmişə ailəsindən üstün tutub. Vətəni üçün canı yandığı qədər ailəsinə canı yanmayıb. Torpaq sevgisi onu şəhadətə ucaltdı. Müharibədən əvvəl hiss etmişdi ki, nəsə olacaq. Əsgər yoldaşlarına zəng edib, onlarla birgə müharibəyə gedəcəyini arzulayırdı. Ölümündən əvvəl atam və anamı xalam qızına tapşırıbmış.
“Nə olursa olsun, onların başını dik tutmağa çalış, qoyma onlar üzülsün” deyib. Evdə bizimlə birgə bacım qızı qalır. Mənə onu dönə-dönə tapşırmışdı ki ondan müğayət ol”.
Vüqar Ağamalıoğlu, Alçina Amilqızı, Bizim.Media