Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində baş tutan iclasda Namiq Zeynalovun anket məlumatları dəqiqləşdirilib.
Daha sonra onun apellyasiya şikayətinin dəlilləri müəyyən edilib. Məlum olub ki, Namiq Zeynalov və vəkili tərəfindən verilən şikayətdə barəsində bəraət hökmünün çıxarılması istənilib.
Bundan sonra Namiq Zeynalovun vəkili vəsatətlə çıxış edib. Vəkil apellyasiya şikayətinin məhkəmə istintaqı ilə aparılmasını, işdə olan dəlillərin yenidən araşdırılmasını istəyib.
Lakin şikayət təmin olunmayıb. Məhkəmə baxışı oktyabrın 25-nə təyin olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Zeynalov 12 il müddətinə azadlıqdan mərhum edilib.
İstintaq orqanı tərəfindən Namiq Zeynalovun barəsində Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
O, Cəlilabad rayon İcra Hakimiyyətində 2020-ci ilin dekabr ayında keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Prezident İlham Əliyevin ötən il dekabrın 8-də imzaladığı sərəncamla Namiq Zeynalov Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Eldar Məmmədli, Bizim.Media