Bakının mərkəzində sökülən çoxmərtəbəli binada təhlükəsizlik qaydalarına əməl olunmamasını xəbər vermişdik. Söhbət Xətai rayonu Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 11 mərtəbəli binadan gedir.
Bizim.Media-nın görüntülədiyi və ictimailəşdirdiyi fotoda hündürlükdə çalışan fəhlələrin heç bir təhlükəsizlik tədbirlərinə əməl etmədikləri əks olunur ki, bu, da aidiyyəti qurumların laqeydliyinin nəticəsidir.
Halbuki tikinti sahəsində hündürlük 7 metrdən yuxarı qalxarsa, qoruyucu sipər çəkilməli, fəhlələrin qoruyucu kəməri olmalı və başlarında dəbilqələri, ayaqlarında isə rezin çəkmələri olmalıdır.
MÖVZU İLƏ BAĞLI:
Bakının mərkəzində sökülən çoxmərtəbəli binada təhlükəsizlik qaydalarına niyə ƏMƏL OLUNMUR? - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi məsələ ilə bağlı sorğumuzu cavablandırıb. Qurumdan bildirilib ki, hündürlükdə işlərin təşkili və həyata keçirilməsi zamanı işlərin təhlükəsizliyinin təmin edilməsi “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları” ilə tənzimlənir:
“Qaydalara əsasən işçinin 1,8 m və daha çox hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu işlər, həmçinin 5 m və daha çox hündürlükdə ayaqaltı vasitələri olmadan, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlər hündürlükdə görülən işlərə aiddir.
Hündürlükdə işlərin yerinə yetirilməsinə 18 yaşına çatmış şəxslər buraxılırlar və işləyən işçilər yerinə yetirdikləri işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmalıdırlar.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırıldıqdan, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinin öyrənilməsi və biliklərinin yoxlanılmasından, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və üsulları öyrədildikdən sonra işçilər hündürlükdə işlərə buraxılırlar”.
Sorğuda o da qeyd olunub ki, qaydalara əsasən ayaqaltı vasitələrindən istifadə olunmadan, 5 m və daha çox hündürlükdə görülən işlərə, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə buraxılan işçilərə işəgötürən tərəfindən bu Qaydalarda müəyyən edilmiş formaya uyğun tərtib edilmiş, işləməyə icazə verən naryad-buraxılış vərəqi verilir.
Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi sorğumuza elə bizim də yazıda qeyd etdiyimiz qanunvericiliyi xatırladıb.
Konkret ünvan və görüntülərdəki məsələyə toxunmayan qurum nə təhlükəsizlik qaydalarına niyə əməl edilmədiyinə toxunub, nə də qaydaları pozanların cəzalandırılacağını qeyd edib.
Qeyd edək ki, Cavanşir körpüsünün yaxınlığındakı binanın yerində Zəfər abidə kompleksinin tikiləcəyi ehtimal edilir. Artıq binadan sakinlər köçürülüb. Hətta köçürülmə ilə bağlı komissiya yaradılıb və kompensasiyanın məbləği müəyyənləşdirilib.
Alçina Amilqızı, Bizim.Media