Son illərdə təhsil ocaqlarının fəaliyyətə başlaması ilə Bakının tıxac problemi də özünü daha ciddi hiss etdirməyə başlayır. Bu il üçün isə vəziyyət əvvəlki illərdən də ağırdır. Ələxsus da, pandemiya qapanmaları dönəmindən sonra bütün müəssisələrin əvvəlki gücü ilə işləməyə başlaması durumu daha da gərginləşdirib. Bu səbəbdəndir ki, işə gecikmələr də artıq mütəmadi hala çevrilib.
Vəziyyət o həddə çatıb ki, artıq rəsmilər, millət vəkilləri də problemin həlli yolları ilə bağlı fikirlər səsləndirirlər.
Elə Milli Məclisin payız sessiyasının ilk plenar iclasında da deputat Fazil Mustafa çıxışında sözügedən mövzuya da toxunub. Millət vəkili qeyd edib ki, Əmək Məcəlləsində tıxaclarla bağlı işə gecikmələr də nəzərə alınmalıdır:
“Təklif edirəm ki, tıxaca görə iş yerinə 1 saat gecikənlərlə bağlı müəyyən güzəştlər təqdim olunsun. Bu qanunvericilik səviyyəsində olmasa belə, Nazirlər Kabinetinin qərarı ilə tənzimlənə bilər. Ələxsus da qadın işçilər üçün güzəştlərin tətbiqi daha məqsədəuyğun olar”.
Bəs, bu cür güzəştlərin tətbiqi nə dərəcədə effektiv ola bilər?
Sualı Bizim.Media üçün cavablandıran Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov qeyd edib ki, sözügedən məsələ Əmək Məcəlləsində dolayısıyla tənzimlənir:
“Yəni, üzürlü səbəb olmadan işə gecikmə və ya işə gəlməmə halında, işəgötürən inzibati tənbeh tədbiri görə bilər. Amma üzürlü haldırsa, əlbəttə, işəgötürən bunu nəzərə almalıdır. Lakin tıxac məsələsində üzürlü halı işçi necə sübut edəcək? O, istədiyi vaxt işə gecikib, tıxacı bəhanə edə bilər. Bəs, hörmətli millət vəkili bunun tənzimlənmə mexanizmini təklif edir? Bir işçi bu bəhanə ilə hər gün işə geciksə, iş yerlərində əmək intizamının aşağı düşməsinə səbəb olacaq, xüsusilə dövlət sektorunda.
Digər bir nümunə, müəllimin saat doqquzda dərsi başlayır, o isə işə 1 saat gec gəlir. Həmin vaxta qədər dərs başa çatacaq. Yaxud, elə iş yerləri var ki, işin davamlılığı təmin edilməlidir. Məsələ ilə bağlı təklif vermək asandır, lakin praktiki tərəfi də fikirləşmək lazımdır. İstehsalatda olanlar bilir ki, bu praktiki baxımdan mümkün deyil”.
Ekspert bir saatadək işə gecikmənin ciddi fəsadlar doğurmayacağı sahələrdə sözügedən təklifin reallaşdırılmasının mümkünlüyü məsələsindən də danışıb:
“Ümumiyyətlə, işəgötürən işəgecikmə halında, inzibati tənbehi o halda tətbiq edə bilər ki, üzürsüz səbəbdən gecikmə maddi zərərə səbəb olsun. Məsələn, tikinti sahəsində 15 nəfər işçi binanın 20-ci mərtəbəsində betontökmə işinə başlamağı gözləyir.
Betonqarışdıran maşınlar da gəlib. Lakin betonu yuxarı vuracaq pompavuran işçi bir saat işə geciksə, bu qədər çalışan boş, işsiz dayanacaq və sahibkara zərər dəyəcək. Bu halda inzibati tənbeh tədbiri tətbiq oluna bilər.
Lakin ikinci bir situasiyaya da baxmaq lazımdır. Məsələn, jurnalist işə bir saat gecikib, amma lazımi materialı işdən sonra bir saat əlavə çalışıb, vaxtında təhvil verir. Belə halda, inzibati tənbeh tədbiri tətbiq oluna bilməz.
Əmək Məcəlləsinin 72-ci maddəsinə görə, işəgötürən ona ziyan dəydiyi və ziyanın sübut edilən olduğu halda inzibati tənbeh tədbiri görə bilər.
İkincisi, işə gecikmələr mütəmadi hal aldıqda, bu kollektivin atmosferini pozur. O zaman da inzibati tənbeh tədbirinə baş vurula bilər. Yoxsa, ayda bir dəfə gecikməyə görə, ortada maddi ziyan yoxdursa, inzibati tənbeh tədbiri görülə bilməz. Yaxud maddi ziyan olsa belə, gecikmə işçinin özündən asılı olmayan səbəbdən baş veribsə, yenə də inzibati tənbeh tətbiq edilə bilməz”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:30 / 04.10.2022
Bir ayda neçə dəfə işə gecikmə PROBLEM sayılır? – Deputatın təklifinə ekspertdən CAVAB
Hazırda oxunan: Bir ayda neçə dəfə işə gecikmə PROBLEM sayılır? – Deputatın təklifinə ekspertdən CAVAB
Hazırda oxunan: Bir ayda neçə dəfə işə gecikmə PROBLEM sayılır? – Deputatın təklifinə ekspertdən CAVAB
97347
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.