CƏNAB LEYTENANT – Göz açıb böyüdüyü köçkün evi ƏBƏDİ MUZEYƏ çevrildi - FOTO

CƏNAB LEYTENANT – Göz açıb böyüdüyü köçkün evi ƏBƏDİ MUZEYƏ çevrildi - FOTO

Hazırda oxunan: CƏNAB LEYTENANT – Göz açıb böyüdüyü köçkün evi ƏBƏDİ MUZEYƏ çevrildi - FOTO

97281

İki ildir Mehman kişinin evinin otaqlarını şəhid leytenantın üzərində qara-qırmızı lentli şəkili bəzəyir... Otaqların birində isə vəziyyət tam fərqlidir. Buz kimi otaq daha çox kədərli, nisgilli, bir də o qədər qürurludur. Çünki ailənin sonbeşiyi, igid Sərvan bu otaqda yatıb, dərslərini burada hazrlayıb.

Elə buradanca anası Adilə xanımın ütülədiyi məktəbli paltarını geyib məktəbə yola düşüb... Sərvanın qazandığı bütün uğurlara elə buradaca, bax, bu otaqda seviniblər. İndi həmin uğurları özündə əks etdirən şəkillər, sənədlər, xatirələr yer alır burada...
Bir zamanlar illəri muncuq kimi ard-arda düzüb böyüyən Sərvanın telinə burada sığal çəkilib. Onun Ali Hərbi Məktəbə qəbul olmasını eşidən atası bax elə buradaca alnından öpüb, onunla fəxr etdiyini deyib.

Söhbət silahlı qüvvələrinin zabiti, şəhid leytenant Sərvan Mehman oğlu Göyüşovdan gedir. O Sərvandan ki, Ağdam Keşdazlı kəndindən köçkün düşən ailənin yaşadığı köçkün daxmasında doğulmuşdu. Yəni göz açdığı dünyada müharibənin acılarından, onun yaşatdığı dəhşətli faciələrindən savayı heç nə görə bilməmişdi.

Onların çadır şəhərciyindəki komalarının divarında nə az, nə çox, düz 3 şəhid şəkli vardı. Məhz elə həmin şəkillərdən süzülən dərin baxışlar Sərvanı hərb peşəsinə aparan yollarda mayak oldu. Həmçinin bu erməni ordusunun silahlı təcavüzü nəticəsində ailəyə dəyən sonuncu zərbə deyildi.

Şəhidin atası Mehman Göyüşov Qarabağ müharibəsinin birinci fazasında, yəni 1994-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Ata həmin illər ailəsinin başına gətirilənləri kədərlə xatırlayır:

“Müharibənin ilk illərində qardaşım Göyüşov Tanrıverdi Ənvər oğlu şəhid oldu. Ondan sonra 1993-cü il iyulun 23-ü, Ağdam şəhəri işğal ediləndə nənəm Göyüşova Zafta Əziz qızı və əmim Göyüşov İldırım Hüseyn oğlu ermənilər tərəfindən əsir götürülərək güllələniblər. Üstəlik anam Göyüşova Nübar Ələsgər qızı müharibə iştirakçısıdır. O, Şirin Mirzəyevin yaratdığı batalionda aşpaz kimi xidmət edirdi. Oğlum Sərvan isə erməni terrorçularının ailəmizə vurduğu son və ağır zərbə oldu”, deyir, Mehman kişi...

Sonradan məcburi köçkünlər üçün salınmış Ağdam rayon Bənövşələr qəsəbəsində məskunlaşan Sərvan Göyüşov burada Ağdam rayon 2 saylı köçkün orta məktəbi bitirərək ali hərbi məktəbə daxil olur.

“Xidmətə başlayanda ona dedim ki, oğlum, müharibəni sən görməmisən, mən görmüşəm, həmişə səngərə sığınaraq özünü qoru. O mənə heç vaxt düşmən önündən qorxub qaçmayacağını bildirdi. Onunla fəxr edirəm”, deyir, şəhid atası Mehman Göyüşov.

Vətən müharibəsinə qədər müxtəlif hərbi vəzifələrdə xidmət edən leytenat Sərvan Göyüşov müharibə başlayanda Murovdağ istiqamətində bölük komandiri kimi xidmət edib.

Hərbi hissənin qarşısına qoyulan döyüş tapşırığını icra edərkən, 2020-ci il, 27 sentyabr tarixində, Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 28 fevral 1997-ci ildə doğulan leytenant Sərvan Göyüşov 3 oktyabr 2020-ci ildə Quzanlı qəsəbəsində yerləşən şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Göyüşov Sərvan Mehman oğlu “Vətən uğrunda”, Kəlbəcərin azad edilməsinə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu





QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO