“Möhkəm olun, Mönsümzadə kimi döyüşün!” - Top komandirinin şəhid olmasından 2 il ötür - FOTO

“Möhkəm olun, Mönsümzadə kimi döyüşün!” - Top komandirinin şəhid olmasından 2 il ötür - FOTO

Hazırda oxunan: “Möhkəm olun, Mönsümzadə kimi döyüşün!” - Top komandirinin şəhid olmasından 2 il ötür - FOTO

96548

Topçu Mönsümzadənin şəhid olmasından iki il ötür...  

O iki il ki, bizdən Mönsümzadə və onun kimi igid oğulları alıb əvəzində illərdir həsrətini çəkdiyimiz dədə-baba torpaqlarımıza qovuşdurdu.

Məhz elə bu da, qəlbi yaralı şəhid valideynlərinə ən böyük təsəllidir. 

Orxanın ailəsi Kəlbəcər rayonundan köçkün düşüblər. Məcburi köçkün kimi Bərdə rayonunda məskunlaşan ailənin ilk övladı olan Mönsümzadə Orxan Səfiyar oğlu 1993-cü il, sentyabr ayının 17-də anadan olub. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Xidmətini bitirdikdən sonra Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluçu kimi artilleriya ixtisasını öyrənərək Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissənin artilleriya divizionunda xidmət edib. Aprel döyüşlərində top komandiri kimi fəal iştirak edən Mönsümzadə və heyəti məhz həmin dövrlər düşmənə məxsus hərbi maşın karvanını məhv edib. 

Şəhid Orxan Mönsümzadənin atası Səfiyar kişi hesab edir ki, Azərbaycan Dövlətinin döyüş və siyasət meydanında qalibiyyəti onun üçün böyük təsəllidir:  

“Oğlum Orxan artilleriyaçı idi. Aprel döyüşlərdə də fəal iştirak edərək fərqlənmişdi. Evin tək oğul övladı idi. Qismət belə gətirdi şəhid oldu. Onu 2020-ci ilin bu günü, yəni 29 sentyabr tarixində dəfn etmişik. Əlbəttə, bu, çox çətin hisslərdir. Amma, işğaldan azad olan torpaqlara səfər edəndə adam qürur hissi keçirir. Mən Kəlbəcər və Ağdamda olmuşam. O ərazilərə baxanda böyük təsəlli alıram. Dövlətimiz hər zaman var olsun”.  

Vətən müharibəsində isə üç gün döyüşdü...  

Amma elə vuruşdu ki, bütün döyüş yoldaşarına zəfərə gedən yolda örnək oldu! Cəbhənin həmin istiqamətində gedən döyüşlərdə komandir şəxsi heyətə “Möhkəm olun, Mönsümzadə kimi döyüşün!”,-deyə əmr edirmiş. 
Orxanın döyüş yoldaşı, Vətən müharibəsi qazisi Tural İbrahimov silahdaşını hər zaman cəsur döyüşçü, cəsarət simvolu kimi xatırladığını deyir: “Eyni bölmədə fərqli topların komandiri kimi xidmət edirdik. Topu çox yaxşı bilirdi. Onunla sonuncu döyüşümüz sentyabrın 28-də oldu. Atəş mövqelərimizə düşmən artilleriyadan basqın etdi. Mərmilər intensiv şəkildə hər tərəfə düşürdü.

Lakin buna baxmayaraq, bizə tərəf gələn hədəflərə tuşlanıb atəş açırdıq. Ağdam istiqamətində təxminən məndən 40 m. aralıda yerləşən döyüş mövqeyinə mərmi düşdü. Düşən 3 mərminin ikisi partladı.

Sonra uşaqlar qışqırdı ki, çavuş Orxan Mönsümzadə şəhid oldu. Mən onu döyüşdə ən cəsur döyüş yoldaşı hesab edirəm. Həmişə orxanı belə xatırlayacam”. 

Bütün döyüş yoldaşları onu topçu Orxan kimi xatırlayır. O topçu ki, canını qurban verməklə şəxsi heyətinə işğaldan azad edilən Ağdam şəhərinə doğru Zəfər yürüşü qazandırdı...

Xatırladaq ki, hərbi qulluqçu Orxan Səfiyar oğlu Mönsümzadə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Cəsur Döyüşçü” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO