1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi, 1989-cu il təvəllüdlü Aygün Əzizovanı qətlə yetirməkdə ittiham olunan Fərid Məmmədli və Anar Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs qismində Anar Ağalarov ifadə verib.
O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. A.Ağalarov bildirib ki, xalası oğlu Teymurla birlikdə mərhum Rəhilənin evindən oğurluq etmək qərarına gəliblər:
MÖVZU İLƏ BAĞLI:
18 il əvvəl törədilən dəhşətli qətlin üstü açıldı - 2 nəfəri öldürüb, 3 milyon aparıblar
“Teymur bildirdi ki, Rəhilənin evində pul var. Məndən qapıda dayanmağı istədi, özünün isə içəri girərək oğurluq edəcəyini dedi. Biz Rəhilənin yaşadığı evə getdik. Danışdığımız kimi, mən qapıda dayandım.
Teymur evi yoxlamaq üçün qapını döydü ki, görsün evdə kimsə var? Bu zaman içəridən səs gəldi, Teymur özünü təqdim edərək, qadına tanışlıq verdi. Qadın da Teymuru tanıdığı üçün qapını açdı.
Mən qapıda dayandım, Teymur isə içəri girdi. Teymur içəri keçəndən sonra məlum hadisəni törətdi. Rəhiləni Teymur bıçaqla vurdu. Mən özümü yalnız həmin evə getməyimə görə təqsirli bilirəm. Biz qətl hadisəsini törətməyi əvvəlcədən planlaşdırmamışdıq”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, məqsədləri oğurluq və ya soyğunçuluq etmək olub:
“Biz qapını ona görə döydük ki, qarşımıza çıxan olsa, pul və ya digər əşyalar alaq, soyğunçuluq hadisəsi törədək. Evdə heç kim olmadığı halda isə oğurluq edəcəkdik. Mənə məlum olmayan səbəblərdən Teymur qətl hadisəsini törətdi. Teymurda bıçaq olduğunu bilirdim, çünki o, həmişə üzərində bıçaq gəzdirirdi. Amma məndə bıçaq olmayıb. Bir Allah şahiddir ki, evdə uşağın olduğunu bilməmişik. Həmin uşağı da Teymur bıçaqla vurdu. Qızın15 yaşı olardı”.
A.Ağalarov deyib ki, Teymur zərərçəkmişlərin evində dəfələrlə olub, onlarla tanışlığı var idi:
“Nənəm Rəhiləni tanıyırdı, ehtiyacı olanda borca pul alırdı. Rəhilə də ona borc pul verirdi. Nənəm pulu Rəhilədən götürməyi Teymura tapşırırmış. Teymur da pulu götürürdü. Buna görə də Teymur Rəhilənin evində pulun olmasını dəqiq bilirdi.
Hadisəni törədəndən sonra Teymur evdə pul və qızıl axtarmağa başladı. Qapının yanında dayandığım üçün mənim də üstümə qışqırdı. Dedi ki, pul axtar. Mən də evdə onunla birlikdə axtarış apardım. Evdən 600 ABŞ dolları tapdıq. Həmin pulun 300 dollarını mənə verdi, qalanını özündə saxladı”.
Təqsirləndirilən şəxsin ifadəsindən sonra məhkəmə iclası oktyabrın 19-dək təxirə salınıb.
İttihama görə, 18 il əvvəl Yasamal rayon sakinləri 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizova birgə yaşadıqları mənzildə öldürülüblər. Anar Ağalarov mərhum xalası oğlu Teymur Məmmədov və onun qardaşı Fərid Məmmədli ilə Rəhilə Cəlilovanın xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə ona məxsus mənzilə gəliblər.
Rəhilə Cəlilova və Aygün Əzizovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onları öldürüblər.
Daha sonra isə onlar mənzildə olan 600 ABŞ dolları məbləğində pulu götürərək ələ keçiriblər. İstintaq orqanı tərəfindən Fərid Məmmədli və Anar Ağalarovun barəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və digər maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, qətlə yetirilən A.Əzizova hadisə baş verərkən Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini olan Asif Əzizovun qızı, R.Cəlilova isə onun qayınanasıdır. Asif Əzizov 1999-2002-ci illərdə Cəlilabad icra başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində çalışıb, daha sonra birinci müavin vəzifəsinə irəli çəkilib.
2015-ci ildə A.Əzizov öz ərizəsi ilə vəzifədən azad edilib. O, vəzifədən azad ediləndən sonra biznes fəaliyyəti ilə məşğul olur.
Eldar Məmmədli, Bizim.Media