"Gördüyüm işlərə görə nazirliyin özünün mənə borcu olub" - Səlim Müslümovun məhkəmə prosesindən

Hazırda oxunan: "Gördüyüm işlərə görə nazirliyin özünün mənə borcu olub" - Səlim Müslümovun məhkəmə prosesindən

95910

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq Qarabağ müharibəsi əlilləri üçün Qazax rayonunda inşa olunan evlərin tikintisini həyata keçirmiş İbad İsmayılov dindirilib. 

Məhkəmədə vəkili Cavad Cavadovla birgə iştirak edən İbad İsmayılov bildirib ki, ümumilikdə 22 ev tikib, hər evə görə isə tikinti idarəsinə nəzarət edən Natiq Əzizova 6 min manat pul verib:

“Əvvəllər usta işləyirdim, sonradan nazirliyin təşkil etdiyi Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən evlərin tenderində iştirak etdim”. 

O, bildirib ki, birinci mərhələdə hər evin dəyəri 51 min manat olub, devalvasiyadan sonra isə bu dəyər 61 min 800 manata yüksəlib:

"İkinci mərhələdə devalvasiya olmuşdu, qiymətlər bahalaşmışdı. Buna baxmayaraq biz işləri görərək təhvil verdik". 

İbad İsmayılov bildirib ki, hər üç şirkəti öz adına olsa da, sonradan birini həyat yoldaşı Nigarın adına keçirib:

"Buna səbəb tenderlərdə iştirak etmək üçün idi. Nazirlikdən dedilər ki, şirkətlər ayrı-ayrı adamların adına olsun. Şirkət yoldaşımın adına olsa da, faktiki olaraq icraçı mən olmuşam". 

İbad İsmayılov deyib ki, bu işlərin görülməsində bir neçə nəfər olublar. Onun sözlərinə görə, devalvasiya olandan sonra işləri görməkdə çətinlik çəkiblər:

"Hətta buna görə bir nəfər intihar etdi, bir nəfər öldü. Natiq Əzizov mənə dedi ki, narahat olma, əlavə işlər veriləcək. Kompensasiya olunacaq. Sonra bir təhər vəziyyətdən çıxdıq". 

Daha sonra Şəki Əlillərin Regional Bərpa Mərkəzinin baş həkimi Tərlan Qurbanov ifadə verib. Şahid dərman vasitələrinin alınması üçün şirkətlə müqavilə bağlandığını qeyd edib.

Şirkətə köçürülən vəsaitin bir hissəsi isə nazirliyin iqtisadiyyat şöbəsinin baş mühasibi Ülviyyə Məmmədovaya verilib:

“Yuxarıdan tapşırıq gəlmişdi ki, köçürülən pulun bir hissəsi onlara çatmalıdır”. 

Bundan sonra şahid qismində Pərviz Qarayev ifadə verib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsarüfat işləri şöbəsinin müdiri işləyib. Pərviz Qarayev ifadəsində əvvəllər bizneslə məşğul olduğunu, dövlət qulluğunda işləmədiyini, 2014-cü ildən isə sözügedən nazirlikdə şöbə müdiri vəzifəsinə təyin edildiyini deyib.  

O deyib ki, adına 17 şirkət açıb. Həmin şirkətlər tenderlərdə iştirak etmək üçün özünün və yaxınlarının adına təsis olunub:

"Mənim firmalarla birbaşa əlaqəm olmayıb. Gördüyüm işlərə görə nazirliyin özünün mənə borcu olub.181 manat bu gün də ödənilməyib". 

Daha sonra şahid qismində İlqar Mustafayev, Hafiz Məmmədov, Aytən Cavadova, Ayşən Məmmədova, Bəylər Musayev, Zaur Novruzov ifadə veriblər. Şahidlər ifadələrində göstəriblər ki, onların adlarına nazirliyin işçiləri tərəfindən MMC-lər yaradılıb və həmin MMC-lərin tenderlərdə iştirak etmələrindən İstintaq dövründə xəbər tutublar. Şahidlər deyiblər ki, bu işlərə görə onlara heç bir vəsait çatmayıb.  

Məhkəmə prosesi oktyabrın 3-də davam etdiriləcək. 
 
Xatırladaq ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. 

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. 

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO