Azyaşlı oğlunu öldürməyə cəhd edən ata danışdı:

Azyaşlı oğlunu öldürməyə cəhd edən ata danışdı: "Özümdə olmamışam"

Hazırda oxunan: Azyaşlı oğlunu öldürməyə cəhd edən ata danışdı: "Özümdə olmamışam"

95472

Bakının Yasamal rayonunda azyaşlı oğluna  xəsarət yetirməkdə ittiham olunan Samir Ağakərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Samir Ağakərimov ifadə verib. 

O qeyd edib ki, hadisə günü həyat yoldaşı Pərvanə ilə mübahisələri olub: 

"Evin təmiri ilə bağlı əşyaları həyata çıxarmışdıq. Bununla bağlı həyətdə iş görürdüm. Bu zaman evin əşyaları ilə bağlı həyat yoldaşımla davamız oldu. Həmin vaxt uşağı tullamağım yadıma gəlmir". 

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən zaman narkotikin təsiri altında olub:

"Hadisə günü də psixotrop maddə qəbul etmişdim. Buna görə də hadisənin baş verməsini xatırlamıram". 

Samir Ağakərimov arvadının xəyanət etməsi ilə bağlı heç bir şübhəsi olmadığını deyib:

"Mən bununla bağlı arvadımı heç vaxt güdməmişəm. Buna əsas da olmayıb. Amin mənim öz oğlum olub. Onun mənim uşağım olmaması ilə bağlı heç bir şübhəm də olmayıb".

Samir Ağakərimovun məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Buna görə də onun istintaqa verdiyi ifadəsi elan edilib. 

Samir Ağakərimov istintaqa verdiyi ifadəsində deyib ki, arvadının başqası ilə münasibətinin olmasından şübhələnib, buna görə də onu izləyib. O, həmçinin ifadəsində göstərib ki, azyaşlı oğlunun onun övladı olmamasına şübhələr olub. Samir Ağakərimov deyib ki, istintaqa ifadə verən zaman narkotikin təsiri altında olub,  buna görə də nə danışdığını bilməyib. O, istintaqa verdiyi ifadəsini təsdiq etməyib.
İttihama görə, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə bu ilin aprelin 26-da saat 16 radələrində 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Samir Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Onun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanıb. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO