"Əllərindəki qotura bənzər səpkilərə görə 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirilən azyaşlılar müalicə olunmadan sığınacağa qaytarılıblar".
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb.
Birlik rəhbərinin sözlərinə görə, dispanserə aparılarkən səpki uşaqların təkcə əllərində vardı, artıq bədənlərinə yayılıb:
“Sığınacağımıza yeni yerləşdirilən uşaqlar tibbi müayinədən keçirilərkən dermatoloq əllərindəki səpkilərin qotura oxşadığını bildirdi. Ona görə də dörd gün öncə bu uşaqları 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirdik. Daha sonra bizdən dərman istədilər, onu da apardıq, hətta uşaqların yanına bir könüllümüzü də qoyduq. Nəticədə isə bu görüntülər ortaya çıxdı. Necə “güclü” müalicə aparılıbsa, əvvəl səpki təkcə əllərində idi, indi bütün bədənlərinə yayılıb. Uşaqlar “sağlamdır” diaqnozu ilə sığınacağa göndəriliblər.
Məqsəd nədir? Niyə xəstələrə, özü də uşaq olan pasiyentlərə etinasız yanaşılır?
Mütəxəssislərinizi təcili göndərin, bu körpələri harada istəyirsiniz, müalicə edib sağaldın və bizə təhvil verin”.
Bizim.Media