Gənclərimiz Bakıya oxumağa gəlib niyə geri dönmək istəmirlər? – PROBLEM

Gənclərimiz Bakıya oxumağa gəlib niyə geri dönmək istəmirlər? – PROBLEM

Hazırda oxunan: Gənclərimiz Bakıya oxumağa gəlib niyə geri dönmək istəmirlər? – PROBLEM

93777

“Tələbəlik illərini Bakıda yaşadıqdan sonra rayona uyğunlaşa bilmirəm. Sakitlik, monotonluq... İş yox, güc yox, siqaret almağa 1 manat tapmırsan, vaxtını da künc-bucaqda öldürürsən. Karyera qurmaq üçün də heç bir şans vermirlər, kəndlərdə ancaq vəzifəlilərin balalarına iş var, sənə nə qalır ki?” 

Bu fikirləri qəhrəmanımız Sədi Məmmədov deyir.

“Elə ki, universiteti qurtarıb getdin kəndə, tez hamı ərə vermək haray-həşirinə düşür. Amandı, qoymayın qız qarıdı getdi. Adamın bağrı çatlayır, maraqlı heç nə yoxdur, uzaq başı müəllim işləməlisən, inək sağıb, qaynana-qaynataya baxmalısan. Sən Allah bu da işdir?” 

Bu sözlər isə 4 il Bakıda bakalavr təhsili almış Nərminə Məmmədovaya məxsusdur. Lakin bu sözləri tək onların yox, rayondan paytaxta təhsil almağa gəlib sonra geri dönən gənclərin adından yazılmış ümumi fikir kimi də qiymətləndirə bilərik. Əksəriyyəti şəhərin səs-küylü, rəngli həyatına öyrəşdikdən sonra rayonun sakit həyatına adaptasiya ola bilmir.

Həmçinin ailə üzvlərin, qohumların, rayon camaatının “geri qalmış” adlandırdıqları konservativ fikirlərini də qeyd edərək, onlarla birgə yaşamağın çətinliyindən də söz açırlar.

Rayona sırf geri dönməmək üçün “şəhərli” bəy tapıb ailə qurmağa belə vadar olan tələbə qızlar da var. Amma sözügedən gənclər cəmiyyət tərəfindən də birmənalı qarşılanmırlar. Hətta “qınından çıxıb, qınını bəyənməyir” kimi deyimlərlə onları günahlandırmağa çalışırlar. 

Bəs müqəssir kimdir?

Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı Bizim.Media-ya öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, regiondan paytaxta təhsil üçün gəlib və sonra geri dönmək istəməyən gəncləri qınamaq doğru deyil, çünki:

“Axı bu gənclər niyə rayonlara qayıtsınlar? Rayonda sosial həyat yoxdur və ölü vəziyyətindədir. Əksəriyyəti istəyir ki, şəhər həyatında, normal mühitdə yaşasınlar, artıq onlar kəndli kimi hansısa bir fermer təsərrüfatında işləmək imkanına sahib deyillər və ona görə də bu kimi məsələlərdə onları qınamaq olmur. Görünür ki, sosial şərtlər məcbur edir ki, onlar hər hansı bir şəkildə Bakıda inkişaflarını görürlər və burada öz həyatlarını qurmaq perspektivini tapırlar.
 

Amma düzünü desək, Bakıda da vəziyyət o dərəcə yaxşı deyil. Artıq Bakı gecəqondulaşma prosesinə keçib və çətin ki, burada o istiqamətdə hansısa bir addım atıla.


Ona görə də məsələ çox mürəkkəbdir. Rayonlarda elə şərait yaratmalıyıq ki, insanlar rahat şəkildə gedib həm özlərinə həm də yaşadığı yerə xeyir verə bilsinlər. Normal şərtlərlə işləyib, ailə həyatı qura bilmələri üçün regionlarda şərait qurularsa, o halda gəncləri qınamaq düzgün olar”, - deyə F.Mustafa qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO