Adətən insanın xərclədiyi vəsaitlərin əsas hissəsi yemək və geyimə sərf olunur. Bu səbəbdən də dünya iqtisadiyyatında bu sahələrin inkişafına xüsusi diqqət yetirilir. Dünyanın bir sıra ölkələri geyim sənayesində mühüm uğurlar əldə edərək, öz məhsullarını hətta çoxsaylı xarici ölkələrə ixrac edir.
Azərbaycanda geyim sənayesi üzrə müəssisələr fəaliyyət göstərsə də, hələ də bu sahə axsamaqda davam edir. Xarici ölkələr bir yana, heç yerli əhali belə daxildə istehsal edilən geyim məhsullarına maraq göstərmir. Hətta daha cəsarətli şəkildə desək, keyfiyyətinə etibar etmir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Rəşad Həsənovun fikrincə, miqyas baxımından Azərbaycan bazarı rəqabətli, keyfiyyətli məhsul istehsalı üçün lazım olan həcmdə investisiyanın qoyulmasını iqtisadi cəhətdən qeyri-səmərəli edir:
MÖVZU İLƏ BAĞLI:
Türkiyədən Azərbaycana geyim ixracatı KƏSKİN ARTIB
“Müasir dövrdə insanlar geyim, dizayn və keyfiyyət kimi məsələlərə daha çox üstünlük verir. Digər tərəfdən, indi dünyanın istənilən ölkəsindən vətəndaş seçdiyi geyim əşyasını rahat şəkildə onlayn platformadan əldə edə bilər. Ona görə də bu bazara daxil olan şirkətlər istehsalı keyfiyyətli və müasir trendlərə uyğun qurmalıdır. Geyim sənayesinin inkişafında bu amil vacib faktordur. Azərbaycan bazarı isə bunun üçün miqyas baxımından qismən kiçik bazardır. Yəni miqyas baxımından Azərbaycan bazarı rəqabətli, keyfiyyətli məhsul istehsalı üçün lazım olan həcmdə deyil. Ona görə də investisiyanın qoyulmasını iqtisadi cəhətdən qeyri-səmərəli edir”.
Həmsöhbətimizin sözlərinə görə, burada ənənənin ollmaması da öz sözünü deyir:
“Bununla bağlı ənənələr də yoxdur. Ənənə olsaydı onlar xarici bazarlarda da özünə yer tapmaqla daha rahat şəkildə fəaliyyət göstərə bilərdilər. Azərbaycan bazarında geyim sənayesi üzrə rəqabət aparacaq brendi formalaşdırmaq çətindir. Həmçinin, yerli məhsulun satışı zamanı lazım olan qiyməti də müəyyənləşdirmək olmur. Məhsul aşağı qiymətə satılmalıdır ki, alınsın. Amma yerli şərtlər daxilində bu sahibkar üçün sərfəli olmur”.
Geyim üçün lazım olan xammalın idxal olunması R. Həsənova görə, daxildə həmin sənayenin inkişafına imkan vermir:
“Çünki sapdan tutmuş parçaya, düyməyə, istifadə olunan texnoloji avadanlıqlara qədər demək olar əksər xammal idxal olunur. Bu da məhsulun maya dəyərinin baha olmasına gətirib çıxarır”.
Ekspert qeyd edir ki, Azərbaycanda yalnız uçot kənarı geyim sənayesi inkişaf edir:
“Xarici marka adı altında bu gün bazarda satılan məhsulların bəziləri əslində Azərbaycanda istehsal olunur. Onların xammalı ölkəmizə gətirilir və buradakı sexlərdə tikilir. Ona görə də eyni adlı markaları müxtəlif ölkələrdən alanda Azərbaycanda satılanla müqayisə etdikdə keyfiyyət və çeşid fərqini asanlıqla görmək olur”.
Rüfət Sultan, Bizim.Media