Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməyəcəklər.
Bizim.Media xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu Qanunun 1.1.7-ci maddəsinin (siyasi partiyaya qəbul olunmuş 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan vətəndaşı) tələblərinə cavab verən şəxs siyasi partiyanın üzvü ola bilər. Şəxs yalnız bir siyasi partiyanın üzvü ola bilər. Siyasi partiyanın üzvü partiyanın yalnız bir yerli təşkilatında qeydiyyatda ola bilər.
Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
Siyasi partiyaya üzvlük irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə və sosial mənsubiyyətinə görə məhdudlaşdırıla bilməz. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməzlər.
Azərbaycan məhkəmələrinin hakimləri, Azərbaycan İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hərbi qulluqçular, həmçinin prokurorluq, ədliyyə, daxili işlər, gömrük, fövqəladə hallar, miqrasiya, xarici işlər, vergi orqanlarının xüsusi rütbəli əməkdaşları, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinləri, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin və Hesablama Palatasının üzvləri, din xadimləri, notariuslar siyasi partiyanın üzvü ola bilməzlər və siyasi partiyanın fəaliyyətində iştirak edə bilməzlər. Həmin şəxslər işə (xidmətə) başlamazdan qabaq siyasi partiyanın üzvlüyündən çıxmalıdırlar.
Bu Qanunda nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslər istisna olmaqla, digər dövlət qulluqçuları, həmçinin dövlət adından yaradılaraq müvafiq sahədə dövlət siyasətini həyata keçirən və hakimiyyət səlahiyyətinə (nəzarət, yoxlama, hüquqmüəyyənedici sənədlərin verilməsi və ya məsuliyyət tədbirlərinin tətbiqi) malik olan publik hüquqi şəxslərdə inzibati vəzifə tutan əməkdaşlar siyasi partiyanın üzvü ola bilələr, lakin qulluq vəzifələrini icra etdiyi vaxtda siyasi partiyanın fəaliyyətində iştirak edə bilməzlər.
Həmkarlar ittifaqları birliklərinin sədrləri və ya onların müavinləri eyni zamanda siyasi partiyanın orqanında təmsil oluna bilməzlər.
Siyasi partiyanın bu Qanunda nəzərdə tutulmuş təsisçiləri partiyanın üzvləri hesab olunurlar.
Şəxsin siyasi partiyadakı üzvlüyünə aşağıdakı hallarda xitam verilir:
- şəxs öz ərizəsinə əsasən siyasi partiyanın üzvlüyündən çıxdıqda;
- şəxs öldükdə və ya məhkəmənin qərarı ilə ölmüş elan edildikdə;
- şəxsin Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə;
- şəxs məhkəmənin qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
- şəxs siyasi partiyadan xaric olunduqda.
Siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparır.
Qüvvədə olan qanuna görə, siyasi partiyanın nizamnaməsini və proqramını qəbul etmiş, yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan vətəndaşları siyasi partiyaya üzv ola bilərlər. Siyasi partiyalar tərəfindən üzvlərinin qeydiyyatı aparılır.
Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
Bütün səlahiyyəti müddətində Azərbaycanın bütün məhkəmələrinin sədrləri, sədr müavinləri və hakimləri, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hərbi qulluqçular, köməkçi-texniki heyət istisna olmaqla, prokurorluq, ədliyyə, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, gömrük, maliyyə, vergi, feldyeger rabitəsi, fövqəladə hallar, miqrasiya orqan-larının, dövlət mətbuatı orqanlarının işçiləri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinləri, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvləri, din xadimləri siyasi partiyaların üzvü ola bilməzlər.
Bu maddənin üçüncü hissəsində sadalanan şəxslər bütün seçki, xidmət və ya iş dövründə siyasi partiyalarda üzvlüyünü dayandırırlar.
Siyasi partiyalara daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:37 / 07.09.2022
Azərbaycanda kimlər siyasi partiya üzvü ola bilməz?
Hazırda oxunan: Azərbaycanda kimlər siyasi partiya üzvü ola bilməz?
Hazırda oxunan: Azərbaycanda kimlər siyasi partiya üzvü ola bilməz?
92597
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.