20 Yanvar faciəsindən sonra Bakıdan Tiflisə yürüş – Novruz Məmmədovdan maraqlı açıqlama

20 Yanvar faciəsindən sonra Bakıdan Tiflisə yürüş – Novruz Məmmədovdan maraqlı açıqlama

Hazırda oxunan: 20 Yanvar faciəsindən sonra Bakıdan Tiflisə yürüş – Novruz Məmmədovdan maraqlı açıqlama

9180

Yanvarın 20-də tərcüməçi-alim Çərkəz Qurbanlının doğum günü idi. Hörmətli alimimizi təsadüfən xatırlamadıq. Çünki o, 90-cı illərdə Sovet imperiyasına etiraz edən ilk azərbaycanlı ziyalılardan olub.

Gürcülərə dəstək olmaq üçün onun təşəbbüsü ilə 3 nəfər Tiflis şəhərinə piyada yürüş edib. Onların bu addımı həmin dövr üçün bir qəhrəmanlıq, unikallıq, demokratik təfəkkür tərzi olub.

Mövzu ilə bağlı bəzi məqamları öyrənmək üçün Bizim.Media olaraq alimin qızı Nərgiz Çərkəzqızı ilə əlaqə saxladıq.

Nərgiz xanım atasının Gürcüstan hadisələri zamanı Sovet imperiyasına etiraz edən üç nəfərdən biri olduğunu təsdiqlədi.

“Bütün təzyiqlərə, yaşana biləcək çətinliklərə rəğmən o, bu yürüş üçün yola düşdü”,- deyə o, əlavə etdi.

“1989-cu ilin 9 aprelində sovet rejimi baş qaldıran demokratiya dalğasının qarşısını almaq üçün Tiflisdə qırğın törətdi, bir müddət sonra isə Bakıda xalqımıza 20 Yanvar faciəsini yaşatdı. Atam Çərkəz Qurbanlı Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədov və qonşumuz Sarvan Məmmədovla Gürcüstan istiqamətində yürüşə çıxıb. O vaxt ölkədə fövqəladə vəziyyət idi, Tiflisə getməklə həyatlarını təhlükəyə atırdılar".

Atamgilin yürüşü barədə biz yalnız “Azadlıq  radiosu”nun aparıcısı Mirzə Xəzərdən məlumat ala bilirdik. Yürüşlə bağlı “Azərbaycan” kinostudiyası da “Şəhidlərdən şəhidlərə” filmini çəkib. Onlar maşınla, bu üç nəfər isə piyada gediblər. Təsəvvür edin, soyuq, yağışlı hava şəraiti olsa da yürüşə davam ediblər. Yürüşə çıxanda elə planlaşdırıblar ki, 9 aprel hadisəsinin anım günündə Tiflisdə olsunlar. Elə də olub. Bu yürüş böyük əks-səda doğurub. Tiflisin Azadlıq meydanında bütün millət onları gözləyib.

Atamın ayaqları döyənəkdən pis günə düşübmüş. Saç-saqqalı uzanıb, çəliklə meydana daxil olub. Təcilli yardım maşını onları gözləyirmiş. Hətta həkimlərin atamın ayağında olan döyənəkləri kəsib götürdükləri kadrlar da var”. 

Sabiq Baz nazir Novruz Məmmədov isə xatırlayır ki, biz Xarici Dillər Universitetinin müəllimləri Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin 40 mərasimini qeyd edirdik. Hamı kədər içində idi, canımız yanırdı. Bir də gördük ki, üstü bağlı maşından bir qrup adamlar xiyabana doğru irəlilədilər. Əllərində qərənfil dəstələri ilə şəhidlərimizin məzarını ziyarət etdilər:

“Rəhmətlik Çərkəz Qurbanlı da onlarla idi. Bu adamların kim olduğunu soruşduq. Dedilər ki, gürcü qardaşlarımız şəhidlərimizin 40 mərasimini anmağa gəliblər. Həmin an yadımıza düşdü ki, bir il əvvəl Gürcüstanda da belə hadisə olub, insanlar həlak olub. “Bəs biz onlar üçün nə edə bilərik?” deyə bir-birimizdən soruşduq. Nəticədə, Tiflisədək yürüş etmək qərarına gəldik və az pul xərcləmək üçün piyada getdik. Mart ayının 22-də 3 nəfər yola düşdük".

"Mən, Çərkəz Qurbanlı və qonşumuz Sarvan Məmmədov. Biz gün ərzində 25-30 km yol gedirdik. Hər axşam bir yerdə gecələyirdik. Nəhayət, 9 aprel tarixində axşam saatlarında Gürcüstana anım mərasiminə çatdıq".

"Bizi alqışlarla qarşıladılar, hamıya təqdim etdilər ki, bəs Azərbaycandan onların həlak olan insanlarının xatirəsini anmaq  və başsağlığı vermək üçün gəliblər. Yol yorğunluğundan biz elə bir vəziyyətdə idik ki, hətta zorla danışırdıq. Buna baxmayaraq anım gününü onlarla bərabər keçirdik”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO