Pay torpaqları dövlət tərəfindən kəndlilərə 99 illik icarəyə verilir. Bu müddəti imkana çevirmək isə kəndlilərin işidir. Bir halda ki, kəndlinin torpağı becərmək üçün vəsaiti yoxdur, belə olduğu təqdirdə dövlət ona dəstək verməlidir. Biri də var ki, torpaq sahibi gedib başqa ölkədə pul qazanır, biznes qurur, buradakı 15-20 hektarlıq torpağından isə istifadə etmir.
Belə olan halda ya dövlət onu torpağı başqa birinə icarəyə verməyə məcbur etməli, ya da rəsmi qaydada pay torpağını həmin insanın əlindən almalıdır.
Bunu Bizim.Media-ya verdiyi açıqlamada kənd təsərrüfatı üzrə ekspert Elçin Bayramlı bildirib.
Onun sözlərinə görə son illərdə əkinçiliyə marağın azalması xüsusilə də dəmyə əkinçiliyinə mənfi təsir göstərərək təsərrüfata milyonlarca ziyan vurub:
“Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağları zonasında, hazırkı Qarabağ ərazisi bu əkin növü üçün yararlıdır. Gədəbəy, Daşkəsən və xüsusən də Cəlilabadda dəmyə əkinçiliyi üçün geniş imkanlar var. bu əkinçilik növünün inkişafı üçün effektiv idarəetməyə ehtiyac var. Torpaqlar istifadə olunmadıqca dəmyə əkinçiliyi sıradan çıxır. Halbuki qlobal quraqlıq müddətində bu əkinçilik növünə böyük ehtiyacımız olacaq”.
Ekspert qeyd edib ki, dəmyə əkinçiliyinin inkişafı üçün əkinçiliyə yararlı torpaqlar oradakı digər obyekt və müəssisələrdən təmizlənməli və sırf əkinçilik üçün istifadəyə hazırlanmalıdır:
“Dəmyə əkinçiliyi üçün ölkənin torpaq fondu kifayət qədər azdır. Belə olduğu halda biz yararlı torpaqlarımızı qorumağa çalışmalı və burada coğrafi şəraitə uyğun bitkilər becərməliyik. Ucqar dağlarda bu prosesi həyata keçirmək xeyli çətindir. Çünki o yerlərdə ilin 9-10 ayı sərt qış olur. Bu məqsədlə ən yaxşı torpaqlar dağətəyi bölgələrdədir . Çox təəssüf ki, orada olan torpaqlar özəlləşmə dövründə satılıb. Dəmyə əkinçiliyi ilə bağlı elə bir sistem qurulmalıdır ki, yararlı torpaqlar effektiv istifadə olunsun”.
Ekspert dəmyə əkinçiliyi ilə bağlı problemlərin ərzaq qıtlığına səbəb ola biləcəyini də vurğulayıb:
“Ölkədə yarana biləcək ərzaq qıtlığı ilə bağlı bir çox qabaqlayıcı tədbirlərin görülməsi məqbuldur. Dəmyə əkinçiliyi üçün düzgün suvarma sistemlərinin qurulması, həmçinin istifadəyə yararlı torpaqların yenidən qeydiyyata alınaraq istifadəsiz torpaqlarla bağlı yeni qəraraların hazırlanması vacibdir.
Ələlxüsus da, torpaq bölgüsünə cavabdeh qurumların işinə bir daha nəzarət olunmalıdır. Çünki onlar kəndlilərin etinasız yanaşmasına göz yummamalıdırlar. Belə olduğu təqdirdə istehsal artacaq və Azərbaycan məhsul bazarına müxtəlif adda məhsullar çıxacaq. Digər bir məsələ isə dəmyə əkinçiliyi ilə bağlı xarici ekspertlərin cəlb olunmasıdır. Bunun üçün dövlət dəstəyi mütləqdir, çünki təlimlər və dövlət proqramları vasitəsilə kəndlilərə o torpaqlardan düzgün istifadə izah olunmalı, daha sonra isə tələb və təkliflər formalaşdırılmalıdır”- deyə ekspert fikirlərini yekunlaşdırıb.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 03.09.2022
Qlobal quraqlıq müddətində bu əkinçilik növünə ehtiyacımız olacaq - Ekspertdən HƏYƏCAN TƏBİLİ
Hazırda oxunan: Qlobal quraqlıq müddətində bu əkinçilik növünə ehtiyacımız olacaq - Ekspertdən HƏYƏCAN TƏBİLİ
Hazırda oxunan: Qlobal quraqlıq müddətində bu əkinçilik növünə ehtiyacımız olacaq - Ekspertdən HƏYƏCAN TƏBİLİ
91765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.