Azərbaycanda ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanıb. Müşahidələr göstərir ki, seçim ixtisasları içərisində daha çox kompüter mühəndisliyinə maraq artıb. Abituriyentlərin əksəriyyəti bu il bir qayda olaraq İK sahəsi üzrə ixtsaslaşmağa üstünlük veriblər.
Maraq dairəsi niyə monotonluq təşkil edir?
Təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya açıqlamasında deyib ki, bu sahə ilə bağlı hər il müəyyən qədər təhsil almaq istəyən abituriyent sayları vardı.
MÖVZU İLƏ BAĞLI:
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başlayır
Amma bu ildən etibarən abituriyentlərin böyük bir hissəsi və onların valideynləri bir axın istiqamətində qoşuldular:
“Onlar kömpüter mütəxəssisi istiqamətində daha perspektivli və yaxud gələcək baxımından əlverişli imkan yaradacağını düşündükləri üçün bu seçimə gedirlər. Birinci ixtisas qrupunda daha çox bu istiqamətə yönəlirlər. Düzdür, hal-hazırda əmək bazarında da İT üzrə müvafiq ixtisas sahiblərinə ehtiyac var. Amma bu, o demək deyil ki, hər kəs eyni istiqamətdə təhsil almalıdır. Təxminən 5 il sonra biz baxacağıq ki, əmək bazarında diplomlu, savadlı, amma işsiz İT üzrə nə qədər mütəxəssis var. Bu cür işsiz ordu formalaşdıracaqlar.
Ona görə müxtəlif ixtisaslar üzrə formalaşmaq lazımdır. Biz bu gün yalnız İT üzrə getsək, o zaman pedaqoq, mühəndis, hüquqşünas və s. kim olacaq? Validenylər və abituriyentlər mütləq bunları nəzərə almalıdır. Yəni axının dalınca düşüb o istiqamətdə getməyin sonu müsbət nəticələnmir”.
Elçin Əfəndinin sözlərinə görə bu axının digər səbəbi də ondan ibarətdir ki, növbəti ildən məhz İT sahəsi üzrə təhsil almaq istəyənlər informatikadan da əlavə imtahan verəcəklər. Bu baxımdan da bu il sözügedən imkandan və sahədən faydalananlar oldu.
Digər təhsil eksperti Elşən Qafarov isə qeyd edib ki, Azərbaycanda istər dövlət, istərsə də özəl sektorda elektron hesabatlıq, o cümlədən İKT və avadanlıqlarının geniş tətbiq olunması bu sahədə kadrlara ehtiyac yaradıb:
“Həmçinin əməkhaqqının həmin ixtisas üzrə yüksək olması o sahəyə olan meyli artırır. Bilirsiz ki, şirkətlərdə və ya dövlət sektorlarında kompüter mühəndisinə 1000 manatdan yuxarı əməkhaqqı verilir.
İstənilın ilk karyeraya başlayan gənc üçün bu əməkhaqqı yaxşıdır. Hətta bu sahədə 3-5 min manata qədər əməkhaqqı alanlar var. Bu da təbii ki, gənclərin marağına səbəb olur. Məsələn 1990-cı illərin sonunda hamı bir qayda olaraq “Azərbaycanda dövlət və bələdiyyə idarəetməsi” ixtisasına yönəlirdi. 2000-ci ildə hamı gömrüyə, 2010-cu ildə isə bank işinə sənəd verməyə başladı. İndi də İK sahəsi dəbə düşüb”, - deyə ekspert bildirib.
Alçina Amilqızı, Bizim.Media