Orduda xidməti maddi yardımla ƏVƏZ ETMƏK - “Onsuz da saxta yolla əsgərlikdən yayınırlar”

Orduda xidməti maddi yardımla ƏVƏZ ETMƏK - “Onsuz da saxta yolla əsgərlikdən yayınırlar”

Hazırda oxunan: Orduda xidməti maddi yardımla ƏVƏZ ETMƏK - “Onsuz da saxta yolla əsgərlikdən yayınırlar”

91358

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin Zəfər Bayramına həsr olunmuş tədbirdə çıxışı zamanı ordumuzun Türkiyə modelinə keçidi ilə bağlı işlərin görüldüyünü qeyd edib.

Məlumdur ki, NATO standartlarında orduya sahib olan Türkiyədə hərbi xidmət də könüllülük prinspi ilə həyata keçirilir. Belə ki, hərbi xidmətini “bədəlli” formada yerinə yetirmək istəyən şəxslər 9 min manata yaxın vəsait ödəməklə bu hüquqa sahib ola bilirlər.

Bu məsələ ölkəmizdə də zaman-zaman müzakirəyə çıxarılır. Bəs, hərbi xidmətin məcburiliyinin ləğvi hansı imkanları yaradacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert, polkovnik Üzeyir Cəfərovun sözlərinə görə, ordu quruculuğunda qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var:

“Bu sahədə xeyli problemlər var və sözügedən istiqamətdə işlərin görülməsi vacibdir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi xeyli işlər görməlidir. Silahlı qüvvələrin bölmələri bir yerə toplanmalı, Türkiyə modeli əsasında qanunvericilik təkmilləşdirilməlidir. Doğrudur, bu məsələ ilə bağlı fikirlər səsləndirilir, lakin halva-halva deməklə ağız şirin olmur ki. Təəssüflər olsun ki, bu istiqamətdə işlər ləng gedir. Baş Qərargah rəisi Türkiyə modelinə keçidlə bağlı işlərin görüldüyünü desə də, biz konkret sənədləri görmürük. Bu gedişlə biz NATO standartlarında sona qədər gedib çıxa bilməmişik”.

Polkovnik qeyd edib ki, bu istiqamətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən də konkret təkliflər hazırlanmalıdır:

“Biz təkcə məcburi olaraq yox, könüllü formada da hərbi xidmətin mümkünlüyünə şərait yaratmalıyıq. Məsələn, bir şəxs elm sahəsilə məşğul olmaq istəyir. Lakin Konstitusiyaya əsasən, hər bir vətəndaşın hərbi xidmət borcu var. Buna görə də qanun şərait yaratmalıdır ki, həmin şəxs elmlə məşğul olsun, daha sonra isə 1-2 ay hərbi xidməti yerinə yetirsin. Vətəni məcburi sevməməlisən. Əgər bu vətəndə yaşayırsansa, dövlət, vətən, torpaq qarşısında borcunu yerinə yetirməlisən, faydalı iş əmsalın olmalıdır. Bu da ondan ibarətdir ki, sən konstitusion hüquqlarına uyğun olaraq, hərbi, elm və ya digərs sahəni seçə bilməlisən”.

Üzeyir Cəfərovun fikrincə, əgər bir şəxs hərbi xidmətə getmək istəmirsə, onsuz da saxta yollarla möhlət hüququ alır:
 

“Əgər xidmət etməyəcəksə, qanunla həmin pulu dövlət büdcəsinə ödəməlidir. Onun əvəzində xidmət edənlər isə bilməlidir ki, həm öz, həm də hansısa tənbəlin yerinə xidmət edir. Həmin vəsaitlə dövlət xidmət edən əsgərin maddi vəziyyətini yüksəldə bilər.


Ən primitiv nümunə göstərsək, əgər əsgərlərə 16 manat vəsait ödənilirsə, bunu həmin vəsaitlə iki qatına çıxarmaq olar. Bu gün onsuz da bu və ya digər formada SHXÇDX-dakı bəzi komissarlar tərəfindən möhlət hüququ verilir, dövlətsə bundan heç nə qazanmır. Bu həm də bədbinlik yaradır. Çünki xidmət edənlərin içərisində də qırıntı yaşanır ki, necə olur kimsə gedib, pul verib xidmət etmədən rahat gəzir. Bunun əvəzində isə bizə heç çox sağ ol da deyilmir. Amma kimsə xidmət etmək istəmirsə, rəsmi qaydada vəsait köçürməklə ordunu bir az da qüvvətləndirmiş olar...”

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO