Rus dilli siniflərə şagird yerləşdirilməsində PROBLEM yaşanır - Valideynlər niyə rus dilini seçirlər?  

Rus dilli siniflərə şagird yerləşdirilməsində PROBLEM yaşanır - Valideynlər niyə rus dilini seçirlər?  

Hazırda oxunan: Rus dilli siniflərə şagird yerləşdirilməsində PROBLEM yaşanır - Valideynlər niyə rus dilini seçirlər?  

91134

Rus bölməsinə tələbin artması səbəbindən hazırda şagirdlərin yerləşdirilməsində ciddi problem var. Apardığımız müşahidələr, bəzi valideynlərin şikayəti və sosial şəbəkələrdə yazılanları nəzərə alsaq görərik ki, rus sektorunda siniflərdəki şagirdlərin sayı ən azı iki dəfə çoxdur. Elə məktəblər var ki, sinifdə 20 şagird əvəzinə 42-45 uşaq yerləşdirilib.

Problem təkcə yer məsələsi deyil. Bura dərsliklər, maddi-texniki baza və kadr məsələsi də daxildir.

Mütəxəssislərin rəyinə görə rus bölməsində yaranan problem sırf sosial məsələdir. Bunun təhsillə o qədər bağlılığı yoxdur. Çünki, hazırda ölkəmizdə işəgötürənlər kadrlardan təcrübədən, fərdi bacarıqdan və digər vacib keyfiyyətlərdən öncə neçə xarici dil bildiyini soruşur.
 

MÖVZU İLƏ BAĞLI:

Misir Mərdanov: “Yad dildə ibtidai təhsil genetikanı dağıdır” – MÜBAHİSƏ davam edir


Namizəddən ən azı iki xarici dil bilməsini tələb kimi qoyurlar. Bu dillər isə təbii ki, ingilis və rus dilləridir.

Ən adlı-sanlı şirkətlərdə işə qəbul zamanı rus dili şərt kimi qoyulur. Yaxşı maaş, perstij və karyera düşünən hər kəs bu yoldan keçməyin vacib olduğunu anlayır və həmin tələbə doğru bütün hüquqlarından imtina edərək könüllü şəkildə yuvarlanır.

Azərbaycanda ingilis dilli məktəblər özəldir. Ən əsası burada illik təhsil haqqı çox yüksəkdir. Ona görə də orta statistik azərbaycanlı uşağını ingilis dilli məktəbə qoya bilmir. Rus bölməsi dövlət məktəblərində olduğu üçün valideynlər daha çox bu təhsil müəssisələrinə üz tuturlar. Bu zaman isə tələblə təklif uzlaşmır. Ona görə də hazırda rus bölmələrində həddən çox yüklənmə var. 

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən təhsil üzrə ekspert Elşad Qafarov rus bölməsinə marağın artma səbəbini valideynin övladının ən azı bir xarici dil bimə istəyindən irəli gəldiyini bildirdi: 

“Bir çox hallarda bu elə görsənir ki, guya rus bölmələrində təhsil, Azərbaycan bölmələrindən daha yaxşı təşkil edilib. Əslində bu belə deyil. Bunu, valideyn də, məktəb də, cəmiyyət də çox yaxşı bilir. Təhsildə olan probllemlər həm Azərbaycan, həm də rus bölməsində eynidir. Amma rus bölməsində təhsil alan ən azı bir xarici dil bilmiş olur”.

Elşad Qafarov rus bölməsində yaranan sıxlıq məsələsinə də toxundu: 

“Rus bölməsində yerlərin az olmasıının bir səbəbi də kadr çatışmazlığdır. Bu və digər problemə görə rus bölməsinə qəbulda süni maneələr yaradılır. Amma bu həll yolu deyil. Valideynlərin haqqı və şagirdlərin hüququ tanınmalıdır”.

Çıxış yolu nədədir?

Tanınmış ekspert problemin həlli üçün iki variant təklif edir: 

“Bu məsələdə iki çıxış yolu var. Birincisi odur ki, rus dilində təhsildən imtiina edilməlidir. İndiki, rellıqlardan baxanda bu variant keçərli deyil. İkinci variantsa odur ki, orta məktəblərdə ingilis dili bölmələri açılmalıdır. Məhz bu zaman ingilis bölməsinə axın çoxalacaq və nəticədə rus dili bölmələrinə ehtiyac azalacaq. Ölkədə 61 özəl orta məktəb var. İlkin olaraq ordan başlamaq lazımdır. Təbii ki, bu məsələdə birinci kadr və maddi-texniki baza problemi həll edilməlidir. Ancaq bu yolla rus bölməsinə axının qarşısını almaq olar”.

Problemin həllinin digər variantı da var. Bu da işə götürənlərin dil baryerini aradan qaldırmasıdır. Hər xırda məsələdə Avropadan misal gətiririk. Nəzərə alaraq nəinki, Avropada, lap elə qonşu Gürcüstanda işə götürənlər vətəndaşdan dövlət dilini yüksək səviyyədə bilməsi əsas şərt kimi irəli sürürlər.


Xarici dil bilməsi namizədə qismən üstünlük verir. Bizdə isə işəgötürənlər dövlət dilini yox, rus və ingilis dilini bilməsini namizədə əsas şərt olaraq irəli sürürlər. Az qala süpürgəçini də bu şərtlə işə götürürük. 

Yəni, bir qədər vətənpərvər olsaq, kadrları seçəndə dil məsələsini ikinci plana atsaq, onda bir çox problemlərdən qurtularıq. O cümlədən, rus dili asılılığından da...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO