“Qısa müddətdə virusla vidalaşacağımıza inanmıram” - Almaniyada yaşayan azərbaycanlı həkim

“Qısa müddətdə virusla vidalaşacağımıza inanmıram” - Almaniyada yaşayan azərbaycanlı həkim

Hazırda oxunan: “Qısa müddətdə virusla vidalaşacağımıza inanmıram” - Almaniyada yaşayan azərbaycanlı həkim

8914

“Dekabrın sonunda bütün dünyada vaksinləşmə başlayıb və Azərbaycan da bu gündən prosesə qoşulur. Dünyada koronavirusa qarşı müxtəlif vaksinlər hazırlanır. Azərbaycanın seçimi Çin istehsalı olan Sinovac şirkətinin “CoronaVac” peyvəndidir".

"Bəlkə də Çin sözünü eşidən bir çoxları həyəcanlanıb qorxa bilərlər. Qeyd edim ki, bu peyvəndi istehsal edən şirkət koronavirusa qarşı vaksinlə yanaşı Hepatit A və B, quş, donuz qriplərinə qarşı da peyvənd hazırlayır. Yəni şirkətin bu sahədə bəlli bir təcrübəsi var”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Almaniyanın Darmştat şəhər xəstəxanasının qulaq, burun və boğaz xəstəlikləri şöbəsinin həkimi Cavid Hüseynzadə vaksinasiya təhlükəsi, hansı problemlər yaratması və qaydaları ilə bağlı məsələdən danışarkən deyib.

O, vaksinasiya prosesinə pozitiv yanaşır:

“Sözügedən peyvənd təsirsiz hala gətirilmiş bir preparatdır. Xəstəliyə ciddi əks-təsir səbəb olmadan öldürülmüş virus hissəciklərindən istifadə edilərək immun cavab yaradır. “Sinovac”ın ən üstün cəhəti vaksinin soyuducuda 2-8 dərəcədə saxlanıla bilməsidir. Bu baxımdan qeyd olunan peyvənd bizim kimi ölkələr üçün əlverişlidir. Məsələn ABŞ-ın Moderna peyvəndi mənfi - 20 dərəcədə, Almaniya və Amerikanın birgə istehsal etdiyi “Pfizer-Biontech” peyvəndləri isə  - 70 dərəcədə saxlanılmalıdır, buda əlbətdəki logistika şərtlərini çətinləşdirir.”

Həkim peyvəndin tətbiqindən sonra yüngül baş ağrıları və hərarətin olacağını istisna etməyib:

“Bunlar “Sinovac” peyvəndinin tətbiqindən sonra yaranmış narahatlıqlardır. Bu da hər peyvənddən sonra gözlənilə bilən yan təsirlərdir. Özüm dekabr ayında Amerika və Almaniyanın birgə istehsalı olan “Pfizer” peyvəndini aldım. İndiyə kimi özümü çox yaxşı hiss edirəm.

Virusla mübarizənin ən effektiv yollarından biri cəmiyyətdə kütləvi immunitetin yaranmasıdır.

Əhalinin 50-60 faizi bu xəstəliyə yoluxmalıdır. Bunun iki yolu var, ya insanlar bu virusa yoluxmalı,  ya da peyvənd olunmalıdır. Kütləvi immunitet passiv olaraq əldə edilmədiyindən mütləq şəkildə vaksinasiya ilə aktiv həyata keçirilməldir. Ona görə də virusla mübarizədə vaksinasiyanı yeganə mübarizə yolu kimi görürəm”.

Həkim peyvəndləmə prosesinin daha sürətli getməsi və düzgün təşkil olunması məsələsini önə çəkib. Onun fikrincə, prosesi sürətli formada reallaşdırmaq işin xeyrinədir:

“Ötən ildən Azərbaycanda 220 mindən yuxarı insan bu xəstəliyə yoluxub və 3 minə yaxın insan dünyasını dəyişib. Məsələ sosial və iqtisadi problemlər yaratdığından peyvənd məsələsində insanları düzgün məlumatlandırmaq vacib şərtdir. Ölkəyə 4 milyon peyvənd gətirilib ki, bu da 2 milyon insanın vaksinasiya olunması deməkdir. Çünki hər bir insan iki dozada peyvənd alacaq”.

Həkim vaksinasiya prosesinə baxmayaraq pandemiyanın və koronavirusla mübarizənin uzun çəkəcəyini da gizlətməyib:

“İnanmıram ki, qısa müddətdə virusla vidalaşa bilərik. Bu baxımdan insanlardan bir daha özlərini qorumağı, sağlam olmağı, maskadan istifadə etməyi və məsafə saxlamalarını məsləhət görürəm”.

Qeyd edək ki, bu gündən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. Dozalararası müddət 21 gün müəyyənləşdirilib. İlkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya aparılacaq. Vaksin “soyuq zəncir” şəraitinə uyğun olaraq saxlama məntəqələrində qorunacaq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO