“Sovetski” məhləsinin məşhur HAMBALI – Özündən 22 yaş kiçik aktrisaya vuruldu, 5 mindən çox qəzəl yazdı

“Sovetski” məhləsinin məşhur HAMBALI – Özündən 22 yaş kiçik aktrisaya vuruldu, 5 mindən çox qəzəl yazdı

Hazırda oxunan: “Sovetski” məhləsinin məşhur HAMBALI – Özündən 22 yaş kiçik aktrisaya vuruldu, 5 mindən çox qəzəl yazdı

88635

"O olmasın, bu olsun" filmində hambalın obrazını yaratmış Əhməd Rumlu 5 mindən çox qəzəlin və dram əsərinin müəllifidir.

Hər aktyora yaddaşlarda qalmaq qismət olmur. Həm də bircə rola görə.

Onun obrazının dilindən "Maşadı, bəs mənim bir abbasım hara getdi?" deyimi illərdir dillər əzbəridir.

Söhbət "O olmasın, bu olsun" filmindən Məşədi İbadın hambalı kimi tanıdığımız aktyor Əhməd Ruminskidən gedir. Soyadı “Rumlu”, “Əhmədov”, “Anatolu” kimi də yazılır.

Əhməd Məmmədqulu oğlu Əhmədov 1902-ci ilin avqustunda Bakıda tacir  ailəsində anadan olub. Ailəsi XIX əsrin ikinci yarısında Cənubi Azərbaycandan Bakıya mühacirət edib. Əhməd dövrün tələblərinə uyğun olaraq, mollaxanada təhsil alıb.

Təhsilini mədrəsədə davam etdirən Əhməd ərəb və fars dillərini gözəl bilib.

Yaxşı avazı olduğu və Quranı əzbərdən bildiyi üçün Əhməd məhərrəmlikdə şəbih deyərmiş.

Sonralar bu mərasimlər xalq teatrları ilə əvəz olunur və Əhməd  "kos-kosa", "qodu-qodu" kimi məhəlli oyunlarda görünür.

Tənqid-Təbliğ Teatrında işə başlaması onun həyat yolunu müəyyən edir. Orda ehtiyac olduğu üçün Əhməd poemalar, qəzəllər yazmağa başlayır. Tezliklə "Səadət uğrunda", "Seyran", "Qana qan" əsərləri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulur. "Rumlu" təxəllüsü ilə yazdığı qəzəllər İranın məşhur xanəndəsi Mustafa Payanın repertuarını bəzəyib.
Aktyorun 5000-dən çox qəzəli olub. Amma heç biri haqda məlumat yoxdur.

Əhməd Ruminski "O olmasın, bu olsun"dan başqa daha beş filmə çəkilib. Di gəl,  heç biri hambal qədər uğurlu alınmayıb.

1956-cı ildə oynadığı hambal rolundan sonra ona ard-arda təkliflər gəlir və ilk olaraq 1957-ci ildə "Bir məhəllədən iki nəfər", 1958-ci ildə "Kazbek qutusu", yenə də 1958-ci ildə "Kölgələr sürünür", 1960-cı ildə "Səhər", 1961-ci ildə isə "Bizim küçə" bədii filmlərində çəkilir.

Hambal roluna onu Əliağa Ağayev məsləhət görüb. Əhməd Ruminskini görən Hüseyn Seyidzadə elə ilk baxışdaca onu bəyənir və rola təsdiq edir.

Çalışdığı Gənc Tamaşaçılar Teatrında baş rolu heç olmayıb.

Bircə "Hacı Qəmbər" tamaşasında Cəbi rolunu oynayıb.

Əhməd Ruminski epizod aktyoru olub və bu epizodları da çox böyük məharətlə ifa edib.

O həyatda çox ciddi adam imiş. Ailəli idi, iki oğlu olub.

Əhməd Ruminski dünyasını dəyişəndə 80 yaşı vardı. Yeganə şöhrəti. Fəxri adı Hambal obrazıdır.

Əliağa Vahid ilə Əhməd Rumlunun dillərə dastan dostluğu, bir də yaradıcılıq münasibətləri vardı.

Bir gün Əliağa Vahid Əhməd bəyin qapısının ağzından keçir, harasa tələsirmiş. Əhməd arxadan dostuna səslənir:

Əzizim dostu balam,
Dostumun dostu balam,
Sən ki belə deyildin,
Nöş oldun forsdu, balam?!

“Sovetski” məhləsində yaşayarmış, həmişə piyada gəzərmiş. Bircə obrazla şöhrətin zirvəsinə ucalıb, amma sadə olaraq qalıb. Ömür boyu nə araq içib, nə də siqaret çəkib.

Gənc Tamaşaçılar Teatrında çalışdığı illərdə bütün qadın baş rollarını oyanayan Firəngiz Şərifova ilə münasibəti olub. Əvvəl dost, sonra sevgili olublar. Hərçənd, Ruminski Şərifovadan 22 yaş böyük idi.

Epizodlar qəhrəmanı Əhməd Ruminski 1982-ci ildə dünyasını dəyişib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO