“Qızlara 20 minlik cehiz verərək bunun qarşılığında evlənən oğlandan qızıl tələb edilməsi, özümüzə tətbiq etdiyimiz rəzil bir terrordur”.
Bu sözləri Azərbaycanda evlilik yaşının artması ilə bağlı Bizim.Media-ya verdiyi açıqlamada sosioloq Elçin Bayramlı söyləyib.
O, bildirib ki, bu səbəbdən də getdikcə ölkəmizdə evlənmək yaşı artır:
“Azərbaycanda evlənmək yaşının artması iki səbəblə bağlıdır. Birinci sosial- iqtisadi vəziyyət. İkincisi isə bəzi lazımsız adətlərlə əlaqədardır. Kimlərinsə son dövrlərdə dəbə saldığı evlənəcəyin qıza qızıl almaq, qıza 20 minlik cehiz vermək, xərc tələb edən xına mərasimi, nişanın toy kimi keçirilməsi, toyların dəbdəbəli şərtlərlə təşkil olunması, gənclərdə özünü evlənməyə hazır hiss etməyə imkan vermir.
MÖVZU İLƏ BAĞLI:
“Qrant almaq üçün əcnəbi qadınla evlənmək tələbi qoyulur” – SOSİOLOQ
Nəticədə onlar vaxtı uzatmağa başlayırlar ki, sonra çoxlu pul əldə edib gələcəkdə evlənə bilsinlər. Bu da bizim ailə insititutumuzu dağıdır. Bu cəmiyyətin öz-özünə qarşı tətbiq etdiyi rəzil bir terrordur. Sanki bu cür adət halına salınan əməllərlə millətin kökünü kəsməyə çalışırlar”.
Sosioloqun sözlərinə görə, evlilik yaşının artması ilə bərabər boşanmaların da çoxalması milli genefondumuzu məhvə aparır:
“Gec evliliklər çoxsaylı problemlər yaradır. Həm oğlanlar, həm də qızlar üçün bu keçərlidir. Qızları bahalı cehiz aparmağa məcbur edirlər. Bu proses isə adi adamlar üçün 20-30 min manata başa gəlir. Varlılarda isə milyonlardan söhbət gedir.
Oğlandan evlənmək üçün qızıl, qızdan isə cehiz tələb etmək rəzil və təhqiramiz hərəkətlərdir. Bu gəncləri məhvə aparmağa doğru hesablanmış əməllərdir. Təsadüfi deyil ki, boşanmalarımızın sayı 40 faizə çatıb və məhz bu sahədə dünya lideri olmaq üzrəyik.
Evlənməkdə heç bir standartdan söhbət getməməlidir. İki gənc bir-birini sevirsə və evlilik üçün uyğun görürsə onlar nigah bağlayaraq evlənməli və bunun üçün kiçik bir məclis təşkil olunmalıdır. İndi hamı salam verdiyi adamı toyuna çağırır. Toyunda insanın ətrafında maksimum 50 nəfər yaxın adam ola bilər və məncə pul yazılmasına da, ehtiyac yoxdur”.
Leyla Şah, Bizim.Media