Qarabağda 32 il sonra almanlarla birlikdə arxeoloji tədqiqatlara başlanıldı – EKSKLÜZİV FOTO

Qarabağda 32 il sonra almanlarla birlikdə arxeoloji tədqiqatlara başlanıldı – EKSKLÜZİV FOTO

Hazırda oxunan: Qarabağda 32 il sonra almanlarla birlikdə arxeoloji tədqiqatlara başlanıldı – EKSKLÜZİV FOTO

86616

“32 ildən sonra yenidən Qarabağ ərazisində arxeoloji tədqiqatlar davam etdirilir. Almanlarla birgə icra olunan xüsusi layihənin əsas məqsədi Qarabağ düzənliyində yerləşən e.ə. IV-VI minilliklərə aid yaşayış məskənlərinin arxeoloji tədqiqidir”.

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada AMEA Arxeologiya Etnoqrafiya Antropologiya İnsitutunun aparıcı elmi işçisi Xəqani Alıməmmədov səsləndirib.

Ekspert əlavə edib ki, hazırda tədqiq etdikləri abidə Leylatəpə mədəniyyətinə aid eponim abidədir.

“1984-1990-cı illər ərəfəsində bu ərazilərdə İdeal Nərimanov tərəfindən qazıntılar aparılıb. Düz 32 il sonra 2022-ci ildə Almaniya Arxeologiya İnstitutu ilə bağlanmış 5 illik müqaviləyə görə, “Qarabağın Leylatəpə fenomeni” layihəsi çərçivəsində sözügedən abidələr yenidən tədqiq edilməyə başlanıb. Hazırda Ağcabədi rayonunun Taynaq kəndi ərazisində qazıntılar aparılmaqdadır. Qazıntılar apardığımız Canavartəpə yaşayış məskəni isə eneolit dövrünə aiddir. Digər tədqiqat obyektimiz olan Leylatəpə mədəniyyətinə aid Leylatəpə yaşayış yeri isə Eyvazlı kəndində yerləşir”.

Leylatəpə maddi-mədəniyyətinin antropoloji baxımdan nəyi təmsil etdiyinin hələ də mübahisəli olduğunu söyləyən ekspert bildirib ki, tədqiqatlar avqustun sonuna kimi davam edəcək:

“Ağdam rayonu Eyvazlı kəndi ərazisində yerləşən etnik-mədəni fenomenin eponim abidəsi olan Leylatəpə yaşayış məskənində arxeoloji qazıntılar 32 ildən sonra bərpa edilməsi qədim yaşayış məskənlərinin öyrənilməsi baxımından kifayət qədər əhəmiyyətlidir. İlkin olaraq abidənin şimal hissəsində iki sahədə (A1, A2) qazıntı kvadratları müəyyənləşdirilmiş və qazıntılara başlanılmışdır. Hal-hazırda buarada beş sahədə (A1, A2, İN-A, İN-L və T.A) qazıntılar davam etdirilir. Leylatəpə maddi mədəniyyətinə dair əsas məlumat və nəşrləri təmin edərək, Leylatəpə dulusçuluğu, iqtisadiyyatı, yemək vərdişləri və əlavə aspektlər üzrə kritik bilik boşluqlarını doldurmağa kömək edəcək”.

Ekspert açıqlamasının sonunda Qarabağın işğaldan azad olunmuş ərazilərində aparılacaq arxeoloji tədqiqatlar barəsində də fikir bildirib:

“İşğaldan azad olunmuş ərazilərimizdə də, İnstitutumuz tərəfində artıq kiçik həcmdə tədqiqatlara başlanılıb. Lakin tədqiqatların və arxeoloji qazıntıların geniş həcmdə aparılması üçün ərazilər tam olaraq minalardan təmizlənməlidir”.

Leyla Şah, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO