Açıq məkan reklamlarında Azərbaycan dilinə necə TƏCAVÜZ edilir? - ADRA əhalidən KÖMƏK İSTƏDİ

Açıq məkan reklamlarında Azərbaycan dilinə necə TƏCAVÜZ edilir? - ADRA əhalidən KÖMƏK İSTƏDİ

Hazırda oxunan: Açıq məkan reklamlarında Azərbaycan dilinə necə TƏCAVÜZ edilir? - ADRA əhalidən KÖMƏK İSTƏDİ

86476

Bəlkə də, Azərbaycan yeganə ölkədir ki, işə qəbul zamanı vətəndaşdan ana dilini necə bildiyi tələb olunmur. Əksinə daha çox hansı xarici dilləri bildiyi soruşulur. Az qalır ki, süpürgəçiyə də dil baryeri yaradılır.  Yəni xarici dil bilmirsənsə, “biz səninlə işləyə bilmərik”- deyilir. 

Bu tendensiya həyatımızın bütün sahələrinə sirayət edib. Ətrafımızda gördüklərimiz də çox zaman əcnəbi dildə dönür.

Məsələn, paytaxtın mərkəzi küçələrində gəzərkən insan özünü əcnəbi bir ölkədə hiss edir. Dördbir tərəf ingilis dilli ünvanlar, ingilis dilli reklamlar. Hətta restoranlarımızın, biznes mərkəzlərimizin da adı əcnəbi dilindədir. 

Çox təəssüf ki, bu gün Bakıda bir dənə də olsun biznes mərkəzinin adı Azərbaycanca deyil. Kafe-restoranlar, ticarət mərkəzləri də həmçinin. Halbuki, “Reklam haqqında” qanuna görə bütün ünvanlar və reklam lövhələri Azərbaycan dilində olmalıdır. Əcnəbi dildə olan reklamlarsa fonda daha kiçik formada asıla bilər. 

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Azərbaycan Reklamçılar İttifaqının icraçı katibi Cahid Həsənov reklamların əcnəbi dildə olmasını təəssüflə qeyd edib:

“Reklam lövhələrinin əcnəbi dildə olması məsələnin bir tərəfidir, ikinci tərəfi açıq məkan reklamlarında Azərbaycan dilinə ciddi xələl gətirilir. Reklamlarda cümlə düz qurulmur. Əcnəbi dildəki fikir məzmunca deyil, sətri tərcümə edilib reklam lövhəsinə yapışdırılır”.

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi mətbuat Xidmətinin rəhbəri Hüseyn Azəri bildirib ki, 2021-ci il ərzində 6 min reklamın yayımını qaydaların pozulmasına görə dayandırmışıq: 

“Bunun da 1200-ü (20%-i) Dövlət dili normalarının pozulması ilə bağlı olub. Aparılan monitorinqlərin nəticəsinə görə, demontaj olunan bu reklamların 47%-i orfoqrafik səhvlərlə bağlı, yalnız xarici dildə yazılıb, azərbaycanca qarşılığı olmayan reklamların faiz dərəcəsi 42, xarici dillərdə yazılan reklamlarda orfoqrafik səhvlərə yol verilmiş reklamlar isə 11% təşkil edib”. 

Mətbuat katibi qeyd edib ki, açıq məkanlardakı reklamlarda dövlət dilinin qorunması məqsədilə bizim təşəbbüsümüzlə Bakı Şəhər İcra Hakimiyyəti, Nəsimi adına Dilçilik İnstitutu, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarından ibarət birgə komissiya yaradılıb. Komissiyanın təkliflərinə əsasən müxtəlif kampaniyalar həyata keçirilib.

Qurum açıq məkandakı reklamlarda dövlət dilinin təşviqi və ondan düzgün istifadə qaydaları ilə bağlı xüsusi broşürlər hazırlayıb:

“Vətəndaşlardan da bu cür hallara qarşı mübarizədə dəstək istəyirik. Açıq məkanda dövlət dili normalarına uyğun olmayan reklamlara rast gəldikdə onların şəklini çəkib #ADRAgovaz, #monitorinqmerkezi həştəqləri ilə paylaşmalarını xahiş edirik. Eləcə də hər iki qurumun sosial şəbəkələri vasitəsi ilə məlumat da ötürə bilərlər”. 

Surxay Atakişiyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO