İnsanlara müxtəlif şirkətlərin adı ilə zəng vurub kart hesablarına ələ keçirməklə məşğul olan dələduzların sayı artıq rekord həddə çatmaq üzrədir. Demək olar ki, hər üç insandan ikisinin başına bu cür hadisələr gəlməkdədir.
Bu dəfə isə Azərbaycanın ən böyük Neft şirkəti olan SOCAR-ın adından istifadə etməyə çalışıblar. Dələduzların SOCAR adı ilə pul qopartmağa çalışdığı insanlardan biri də, “Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu olub.
Şahbaz Xuduoğlunun Bizim.Media-ya verdiyi məlumata görə ona zəng vuraraq söyləyiblər ki, SOCAR Kiçik Orta Biznesin inkişafı ilə bağlı yeni layihəyə start verir:
“Bu cür qulağa xoş olan sözlərdən istifadə edib kiçik yatırımlarla böyük pullar qazana biləcəyimə məni inandırmağa çalışırdılar. Həmçinin cənab prezidentin adını da, çəkirdilər. Müraciət formasını doldurandan sonra imtina etsəm də mənə ardıcıl zənglər gəlməyə başladı ki, yubanmadan 250 dollar yatırım et. Mənə söylədilər ki, ofisləri Zahid Xəlil küçəsində yerləşir. Mən onlara görüş təklif edəndə isə onlara kartımın nömrəsini verəndən sonra mənim adıma orada hesab açacaqlarını və yalnız bu halda onlarla görüşə biləcəyimi bildirdilər. Onlar mənim kim olduğumu bilmədən bunu etmişdilər. Özüm haqqında məlumat verdikdən sonra isə məni tanıdılar.
Mənimlə danışan Andrey adlı biri idi. Göndərdiyi linkdə ümumi məlumatlarımı yazdım. Kartımın da məlumatlarını doldurdum.
Sonra hətta məbləği də qeyd etdim ki, ödəyim. Bankdan bu məbləği ödəyib-ödəməyəcəyim barədə mesaj gəldi. Əslində bank qarşısını almasaydı, kartımdakı pullar silinəcəkdi. Bundan sonra Andreyə ödənişi etdiyim barədə məlumat verdim.
Gün boyu Andreydən xəbər çıxmadı. Səhəri zəng etdi ki, səndən pul gəlməyib, dedim ödəyəcəm. Sonra sükan arxasında olmağımı bəhanə edib danışığı kəsdim. Daha sonra ondan gələn zənglərə qadağa qoydum. Təsadüfən Polşa nömrəsindən gələn zəngə cavab verdim. Andrey idi. Ona, məni sona qədər inandıra bilmədiyini söylədim. Daha SOCAR-ın layihəsində iştirak etmək istəmədiyimi bildirdim”.
Bunu kiber terror adlandıran Şahbaz Xuduoğlu qeyd edib ki, tez bir zamanda müvafiq strukturlar təcili sürətdə bu kimi halların qarşısını almağa çalışmalıdır.
“Bir növ bu cür zənglərlə lotoreya oyunu kimi insanları inandırmağa çalışırlar. Mən pul itirməsəm də, insanlar var ki son qəpiyini də xərcləyərək bu kimi halların qurbanı olurlar. Əslində nəticə odur ki, bunlar fırıldaqçılardır və mövcud qanunvericiliyə əsasən onlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən Bizim.Media-ya verilən məlumata görə kiberdələduzlar istifadəçilərin etimadını qazanmaq və onları “tələ”yə salmaq üçün müxtəlif dövlət qurumlarının, tanınmış bankların, eləcə də media qurumlarının adından istifadə etməklə saxta kampaniyalar həyata keçirir.
“Geniş yayılmış hücum ssenarisinin birində ARDNŞ-nin (SOCAR) investisiya layihəsi həyata keçirdiyi qeyd olunur və layihədə iştirak üçün ad, soyad, e-poçt, mobil nömrə kimi fərdi məlumatların təqdim edilməsi istənilir. Həmin məlumatları təqdim edən və uydurma kampaniyada iştirak edən vətəndaş kiberdələduzların qurbanına çevrilir”.
Qurumun mətbuat katibi Vüsalə Səid bildirib ki, bu növ kiberhücumlardan qorunmaq üçün vətəndaşlar maksimum diqqətli olmalıdırlar:
“Cəlbedici vədlərə aldanaraq ani hərəkət etməməyə və məlumatların düzgünlüyünü rəsmi mənbədən yoxlamağa çağırırıq. Hər hansı qurum adından bu kimi investisiya layihələri, o cümlədən hədiyyə, pulsuz bonus və mükafat təklif edən kampaniyalar keçirildiyinə dair məlumat aldıqda, keçidlərə daxil olmadan, fərdi məlumatlarını təqdim etmədən öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olsunlar”.
Vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə də əlaqə saxladıq. Bizə bildrildi ki, bu cür kibertəhlükəli hadisələri indi tez-tez yaşanır.
Ona görə də vətəndaşlar bu kimi hallarla qarşılaşdıqları zaman yaşadıqları ərazilərdəki ən yaxın polis bölməsinə və ya Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etməlidirlər:
“Hər kəsdən ayıq-sayıq olmaqlarını xahiş edirik”.
Leyla Şah, Bizim.Media