Sevil Qazıyevanın ailəsi Kənd Təsərrüfatı naziri İnam Kərimovdan nə istəyir? - TƏFƏRRÜAT

Sevil Qazıyevanın ailəsi Kənd Təsərrüfatı naziri İnam Kərimovdan nə istəyir? - TƏFƏRRÜAT

Hazırda oxunan: Sevil Qazıyevanın ailəsi Kənd Təsərrüfatı naziri İnam Kərimovdan nə istəyir? - TƏFƏRRÜAT

85466

Bu hadisə 59 il əvvəl baş verib. Sosialist Əməyi Qəhrəmanı Sevil Qazıyeva Beyləqanda pambıq sahəsində faciəli şəkildə həlak olub. Onun müəmmalı ölümü, istintaq işi haqda çox yazılıb, Bizim.Media olaraq biz də bir neçə dəfə yazı həsr etmişik.

Bu günlərdə Sevil Qazıyevanın ailəsi təkrar redaksiyamıza müraciət edib. Qazıyevlər ailəsi bildiriblər ki, Azərbaycanın ilk qadın mexanizatoru, Sosialist Əməyi Qəhrəmanı Sevil Qazıyevanın Beyləqandakı xatirə muzeyinin doğulduğu Zaqatala rayonuna köçürülməsini istəyirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Hörüklərin FACİƏSİ – Sevil Qazıyevanın ölümü sui-qəsd idimi? – Hadisənin ANBAAN TƏFƏRRÜATI


Açıqlamanı mərhum əmək qəhrəmanının bacısı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Zaqatala rayon komitəsinin sədri Sona Qazıyeva ailəsi adından ünvanlayıb. Onun sözlərinə görə, bacısının sovet dövründə, 1984-cü ildə Beyləqanın 5 saylı sovxozunda, müstəqillik dövründən sonra Yuxarı Aran qəsəbəsi adlandırılan yaşayış məntəqəsində xatirə muzeyi yaradılıb.

Sona xanım deyir ki, muzeyin eksponatlarını da əsasən ailə özü verib:

“Amma hazırda dövr dəyişib və Sevil Qazıyeva adı Beyləqan üçün o qədər də dərin məna kəsb etmir. Sosialist təfəkkürü keçib, yeni nəsil ərsəyə gəlib. Amma doğulduğu Zaqatalada onu insanlar hələ də ehtiramla yad edirlər. Bu məntiqlə qəhrəman mexanizatorun Zaqatalada xatirə muzeyinin olması daha doğru olardı”.

Sevil Qazıyevanın bacısı onu da vurğulayıb ki, bununla bağlı Zaqatala rayon İH başçısı Mübariz Əhmədzadəyə müraciət edib. Rayon rəhbəri onun müraciətinə müsbət cavab verib və Zaqatala şəhərində muzey üçün yer də ayırıb. Amma, Sona xanımı dəfələrlə müraciət etdiyi Kənd Təsərrüfatı Nazirliyiindən heç bir cavab almaması narahat edir. Onun sözlərinə görə, iki dəfə nazir İnam Kərimova müraciət edib, iki dəfə nazirliyin aidiyyatı şöbəsinin rəhbərinin qəbulunda olub.
 

Amma ona heç bir cavab verilmədiyi halda Beyləqanda muzeyin köçürülməsi üçün PA-na müraciət edən Yuxarı Aran qəsəbə sakini Ofelya Hacıyevaya nazirlik cavab verib və muzeyin Zaqatalaya köçürülməsi məqsədəuyğun hesab edilməyib.


Bu, Qazıyevlər ailəsini çox məyus edib. Sona Qazıyevanın sözlərinə görə, bu, məsələyə nazirlik yenidən baxmalıdır:

"Bizim ailə, qohumlar, rayon ictimaiyyəti çox maraqlıyıq ki, Sevilin Zaqatalada bir xatirə muzeyi olsun. Adətən, tanınmışların öz rayonlarında xatirə muzeylərinin olması bir ənənədir. 23 yaşında iş başında həlak olan, həyatdan nakam gedən Sevilin Zaqatalada xatirə evinin olmasının nəyi pisdir ki?”

Sona Qazıyeva kənd təsərrüfatı naziri İnam Kərimovdan bu məsələyə yenidən baxılmasını xahiş edir.

Deyir ki, əgər Beyləqandakı muzeyin fəaliyyətini dayandırmaq mümkün deyilsə, nazirlik Zaqatalada  ayrılan yerdə Sevilin adına xatirə muzeyinin yaradılmasına köməklik göstərsin:

“Sevil Qazıyevanın 23 illik həyatı həm də Azərbaycanın Kənd Təsərrüfatı tarixinin bir hissəsidir axı”.

Sonda əmək qəhrəmanının bacısı qeyd edib ki, artıq yaşlanmışıq, Sevillə bağlı evində 300-ə yaxın eksponat var, saxlamağa şəraiti yoxdur:

"Ömür vəfa eləmir. Mən də, qardaşım İbrahim də çox yaşlıyıq. Bizə bir şey olsa, əldə olan sənəd və şəkillər də it-bata düşəcək. Sevilin nakam həyatının yadigar eksponatları da məhv olub gedəcək. Çünki evimizdə onları saxlamaq üçün heç bir şərait yoxdur. Ona görə də bu məsələnin müsbət həllində birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın köməyinə ehtiyacımız var”.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO