“Vaxtım yoxdur” deyən VALİDEYNLƏR uşaqlarının gələcəyini məhv edir - PSİXOLOQ 

“Vaxtım yoxdur” deyən VALİDEYNLƏR uşaqlarının gələcəyini məhv edir - PSİXOLOQ 

Hazırda oxunan: “Vaxtım yoxdur” deyən VALİDEYNLƏR uşaqlarının gələcəyini məhv edir - PSİXOLOQ 

84902

Uşaqların sosial şəbəkələrdən istifadə məsələsi zaman-zaman gündəmə gəlsə də, bu mövzuda fikirlər heç də birmənalı deyil.

Cəmiyyətdə isə məsələyə müxtəlif yanaşmalar mövcuddur:

1. Müəyyən yaşa çatana qədər uşaqların sosial şəbəkələrdən istifadəsinə icazə verilməməlidir.

2. Müasir dövrdə uşaqların sosial şəbəkələrdən uzaq qalması onların texnoloji sahədə biliklərə yiyələnməsinə ciddi maneə törədir.

3. Valideynlərin nəzarəti altında uşaqların sosial şəbəkələrdən limitli istifadəsinə imkan yaradılmalıdır.

Lakin dəqiq məlumdur ki, günümüzdə sosial şəbəkələrin uşaqların psixologiyasına və tərbiyəsinə təsiri olduqca böyükdür. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Gülnar Orucova qeyd edib ki, sosial şəbəkə paylaşımlarında qarşımıza çıxan “6+”, “13+”, “18+” kimi xəbərdarlıqlar boşu-boşuna edilmir:

“Həmin kontenti yaradan insan anlayır ki, bu, həmin yaş kateqoriyasından olmayan uşaqların psixikasına təsir edə bilər. Amma biz buna valideyn olaraq nəzarət edə bilirikmi? Xeyr. Və yaxud da müəyyən, xüsusən də, porno saytlara istənilən uşaq asanlıqla daxil ola bilir. Məsələn, Türkiyədə bu cür saytlara girmək o qədər də asan iş deyil. Lakin ölkəmizdə hər hansı maneə yoxdur. 

Ona görə də, ilk növbədə məsələnin texniki tərəfi dövlət tərəfindən nizamlanmalıdır. İkincisi, övladımıza qadağa qoymadan öncə biz bu məhdudiyyətin səbəbini başa salmalıyıq.

Valideynlərsə uşağa “olmaz” deyib, səbəbi izah etməkdən yayınırlar. Əgər “olmaz”ı övladımıza başa salmasaq, onlar daima bunun səbəbini axtarmağa başlayırlar və çox zaman da fərqli yöndə səbəb tapırlar”.

Psixoloq qeyd edib ki, günümüzdə hətta yeniyetməliyə yeni qədəm qoymuş uşaqların belə bir çox sosial şəbəkələrdə hesabları var:

“Uşaqlar valideynlərin diqqətsizliyindən həmin şəbəkələrdən istifadə edirlər. Validey n övladına telefon almadan öncə, onun yaşını düşünməlidir. Karantin dönəmində onlayn dərslərin keçirilməsi isə məsələni daha da şiddətləndirdi. Dərslərdə iştirak etmələri üçün valideynlər telefonları uşaqlara daha çox verməli, yaxud telefon almalı oldular. 
Telefon aldıqdan sonra onlara nəzarətin olması vacibdir. Məsələn, müəyyən vaxt limitləri qoyula bilər ki, bu saatlarda bunu etmək olar, yaxud da valideyn uşaqla birgə sosial şəbəkələri izləməlidir. Lakin baxaq görək, valideynlər buna ayıracaq vaxtları varmı? Xeyr. Valideynlər zamanı düzgün ayıra bilmədiyi üçün övladı nəyə istəyirsə baxır. Baxdıqları da elə şeylər olur ki, bu uşaqların psixoloji travmalar yaşamasına səbəb olur”.

Gülnar Orucova əlavə edib ki, əgər valideynlər övladlarına yetərincə zaman ayırıb, onların sosial şəbəkələrdən istifadəsinə nəzarət edərlərsə, hər hansı problem də yaranmaz.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO