Postmüharibə SİNDROMU – ABŞ-da 9 mindən çox Vyetnam müharibəsi veteranı intihar edib

Postmüharibə SİNDROMU – ABŞ-da 9 mindən çox Vyetnam müharibəsi veteranı intihar edib

Hazırda oxunan: Postmüharibə SİNDROMU – ABŞ-da 9 mindən çox Vyetnam müharibəsi veteranı intihar edib

84487

Müharibələr bəşəriyyətin ən böyük faciəsidir. Bitdikdən uzun müddət sonra belə canlar almağa davam edən bu fenomen qalib və ya məğlub tərəfdə olmasından asılı olmayaraq dərin yaralar buraxır. Xüsusilə də, aktiv döyüş əməliyyatlarının episentrində olmuş şəxslərdə...

Buna psioxologiyada postmüharibə sindromu yaxud da PTSP (Post Travmatik Stress Pozuntusu) adı verilib. Belə ki, müharibə dönəmində alınmış travmatik sarsıntılar şəxslərin uzun müddət yaddaşından silinmir və onları qarabaqara izləməyə davam edir. 

Postmüharibə sindromu bütün cəmiyyətlər üçün ağır olur. Çünki, dəhşətli ölüm səhnələri döyüşdən qayıdan əsgərləri uzun müddət tərk eləmir. Bir çox hallarda bu cür insanların dinc cəmiyyətə reinteqrasiyası əksərən ağrılı keçir.
Bitmiş savaşın bitməmiş yaraları

Dünya təcrübəsinə nəzər saldıqda, son bir əsrdə baş vermiş savaşlardan sonra kütləvi intihar hallarının baş verdiyinə şahidlik edə bilərik.

Məsələn, SSRİ 2-ci Dünya Savaşında qalib ölkə olsa da, 25 milyon insan itirdi. Bundan əlavə 10 milyonlarla insan əlil oldu. Müharibədən çıxmış zəif bir dövlət üçün 10 milyonlarla insanın sosial problemini həll etmək imkanları yox dərəcəsində idi.

Ona görə də nəhəng Sovetlər birliyində müharibə dəhşətlərini görmüş insanların reabilitasiyasına nə az, nə çox düz 30 il vaxt sərf eləmişdi. Bununla belə intiharların və özünütəcridlərin qarşısı tamamilə alınmadı. Və dinc quruculuq dövründə müharibədəki itirilərdən daha çox insanın həyatı qaraldı.

ABŞ-da isə bu vəziyyət Vyetnam müharibəsindən sonra daha ciddi formada özünü göstərməyə başladı. “Vyetnam sindromu” kimi tanınan bu fenomen müharibədə iştirak etmiş yüzlərlə amerikalı əsgərin intiharları nəticəsində meydana çıxıb. 

Savaş bitdikdən sonra on minlərlə amerikalı əsgər intihar etdi, dəlixanaya düşdü. Vyetnam müharibəsinin sindromu ilə bağlı Hollivud onlarla kinofilm ərsəyə gətirdi.

1990-cı ildə Amerika Biotexnologiya İnsitutu tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Vyetnam müharibəsi bitdikdən sonrakı 15 il ərzində nə az, nə çox 9 min müharibə veteranı intihar edib.

ABŞ-ın Veteranların işləri üzrə Komitəsi İraq və Əfqanıstan müharibəsində iştirak etmiş 4 800 qadın və kişinin tarixini araşdırıb. Onlar İraq və ya Əfqanıstanda ezamiyyətdə bir dəfə olublar. Həmin insanlarla üç dəfə söhbətlər aparılıb.
Bununla belə, araşdırma nəticəsində onlarda (6,1 faiz kişi və 6,7 faiz qadında) posttravmatik stress pozğunluğu müəyyən edilib.

İkinci Dünya Müharibəsinin məğlub tərəfi olan Almaniyada isə bu statistika daha dəhşətlidir. Belə ki, təkcə 1945-ci ilin may-dekabr aylarında 7 min müharibə veteranı intihara cəhd edib. Sonralar bu rəqəm daha da artıb.

İntiharların qarşısını almaq üçün nə etməli?

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda postmüharibə sindromuna rast gəlinməkdədir. Təəssüflər olsun ki, bu problemdən əziyyət çəkən bəzi qazilər çıxış yolunu intiharda görürlər.

Bu məsələ də 44 günlük müharibədə olduğu kimi birlik, həmrəylik nümayiş etdirməyə ehtiyac var. Belə ki, burada məsuliyyəti təkcə dövlət qurumlarının üzərinə atmaq doğru yanaşma hesab oluna bilməz. Çünki qurumlar tərəfindən bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir.

Ölkənin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara, şəhid ailələrinə və müharibədən zərər çəkmiş şəxslərə psixoloji yardımın göstərilməsi haqqında Nazirlər Kabineti tərəfindən 13 yanvar 2021-ci il 8 nömrəli qərarı qəbul olunub.

2021-ci ilin rəsmi statistikasına görə, 3206 müharibə iştirakçısı və şəhid ailəsi üzvlərinə psixoloji yardımlar edilib.

Lakin vətəndaşlar tərəfindən də bu məsələyə biganə yanaşılması doğru deyil. Cəmiyyət olaraq postmüharibə dövründə müharibə iştirakçıları ilə münasibətlərdə empatiya qurmalıyıq. Onların aqressiv davranışlarına həssaslıqla yanaşılmalıdır.

Bəzən mülki insanların fikirləri müharibə iştirakçısı olmuş şəxsləri mənfi emosiyalara təhrik etmiş olur. Hətta sosial şəbəkələrdə həssas mövzularda fikir bildirib, söz savaşına çıxarkən belə bu məsələni diqqətdə saxlamalıyıq. Çünki ən xırda qığılcım belə travmanı tətikləyə, faicəvi nəticələr doğura bilər.
Cəmiyyət olaraq həm də ona imkan vermək olmaz ki, bəziləri bu həssas mövzunu öz məqsədlərinə alət etmiş olsun. Bir çoxları mahiyyətinə varmadan ciddi şəkildə kampaniya apararaq qazi intiharlarını kütləvi hal kimi təqdim edir, dövləti problemin əsas baiskarı kimi ictimaiyyətə sırımağa çalışırlar.

Heç kimi ittiham etmədən onu qeyd etmək istəyirik ki, hər bir vətəndaşımız bu cür təbliğatlara qarşı da diqqətli olmalıdır. Çünki dövlətçiliyimiz də ən az qazilərimiz qədər həssas mövzudur. Çünki şəhid və qazilərimiz məhz dövlətçiliyimiz üçün canlarını fəda ediblər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO