Kərə yağı biznesindəki “qara əl” – Qida Agentliyi nədən ehtiyat edir?

Kərə yağı biznesindəki “qara əl” – Qida Agentliyi nədən ehtiyat edir?

Hazırda oxunan: Kərə yağı biznesindəki “qara əl” – Qida Agentliyi nədən ehtiyat edir?

8418

Qida rasionumuzun şahı və əsas tələbatı hesab olunan kərə yağlarının tərkibində müxtəlif qarışıqların olması ilə bağlı məsələ tez-tez gündəmə gəlsə də, problem illərdir həllini tapmır.

İki il əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycan bazarında satışa çıxarılan keyfiyyətsiz yağların tərkibində insan orqanizmi üçün təhlükəli maddələrin aşkar olunduğunu açıqlamışdı. Agentlik sədri Qoşqar Təhməzli Azərbaycanda 12 adda yağın tərkibində trans yağların miqdarının normadan yuxarı olduğunu qeyd edərək, ictimaiyyəti bu məhsullarla bağlı diqqətli olmağa çağırmışdı.
 

MÖVZU İLƏ BAĞLI:

AQTA qadağa siyahısı çıxarır, işbazlar isə kolbasa, sosiska hazırlayır - EKSPERT


Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şamaxı, Lənkəran, Xaçmaz, Şəki, Tovuz Regional bölmələrində 32 adda müxtəlif yağ ekspertizaya cəlb olunub: 

“Təəssüf hissi ilə qeyd edim ki, həmin nümunələrin 12-də trans yağların miqdarı normadan yuxarı olub. Trans yağlar insan orqanizmində çətin əriyir və ya ərimir. Bu isə insan orqanizmi üçün ziyanlıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, trans yağ turşularının yüksək miqdarda qəbulu ürək-damar xəstəliklərinin riskini 21, ölümü isə 28 faiz artırır. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə demək istəyirəm ki, idxal zamanı qüvvədə olan normalara əməl etsinlər".

Maraqlısı budur ki, Qoşqar Təhməzli 12 adda olan təhlükəli tərkibli yağların adlarını bu günə qədər açıqlamaqdan ehtiyat edir.

Bazarda keyfiyyətsiz və qatqılı yağ növlərinin artdığı bir dövrdə qeyd olunan məsələ yenidən gündəmə gəlib. İstehlakçılar 2 ildir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən adları açıqlanmayan yağları rahatlıqda istehlak edirlər.  Halbuki, Qoşqar Təhməzlinin qeyd etdiyi kimi, bu yağlar 28 faiz ölümü artırır. 

O zaman qida təhlükəsizliyinə cavabdeh olan Agentlik niyə bu məsələdən yayınır və istehlakçıları bilərəkdən zəhərləyir.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin paralel çalışmadığını qeyd edib:

“Çox təəssüflər olsun ki, bu iki qurumun bir-birinə yaxınlaşması prosesi getmir və əlaqəli iş görülmür. Təhlükəli mal əlbəttə ki, keyfiyyətsizdir. Yanvarın 15-də Agentliyin nəzdində yaradılan İctimai Şuranın onlayn yığıncağı olacaq. Şurada Azad İstehlakçılar Birliyi təmsil olunur və mən bütün gücümlə iş aparacam ki, bu cür məsələlər birbaşa həllini tapsın”.

QHT rəhbərinin sözlərinə görə Agentlik kompleks iş aparmalıdır:

“Təhlükəli mal anlayışı partiya məhsuluna aid bir məsələdir. Demək olmaz ki, filan ölkənin istehsal etdiyi filan markalı yağ təhlükəlidir. İstehlakçı belə bilmir ki, hansı partiya yağlar təhlükəlidir. Ona görə də Agentlik bu məsələyə ehtiyatlı yanaşır. Burada haqsızlıq da ola bilər. Ola bilər ki, müəyyən partiya təhlükəli olub və qurum açıqlaya bilmir. Belə çıxır ki, malların üzərində lazımi informasiya yoxdur. Agentlik quru siyahı yox, malın adı, istehsal tarixi, son yararlıq müddəti, hansı dükanda satıldığı barədə bütün məlumatları birbaşa istehlakçıya açıqlamalıdır”.

Eyyub Hüseynov kənd yağı adı altında satılan kərə yağlarının təhlükəli olduğunu vurğulayıb:

“Xüsusilə 20-yə qədər olan saxta “İvanovka” dükanlarında satılan yağlar birmənalı şəkildə təhlükəlidirlər. Bunlar heç də nehrə yağı deyil. Ən çox şikayətlər də məhz bu yağlardan gəlir. Dəfələrlə Agentlik qarşısında bu dükanların bağlanması ilə bağlı məsələ qaldırmışam. Amma məsələ həllini tapmır”.

Xatırladaq ki, ən son ötən ilin yanvarında AQTA "Bizim market"də 12 tondan çox saxta kərə yağı aşkarlayıb.

Agentliyin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən “Bizim Market” Məhdud  Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama zamanı “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb.

Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib.

Belə ki, ştrix kod “Foodini” MMC tərəfindən ölkəyə idxal olunan “Belaya Korova” əmtəə nişanlı kərə yağına aid olub.

Məlum olub ki, “Bizim Market” Məhdud  Məsuliyyətli Cəmiyyətinə “Belarusskaya Korova” əmtəə nişanlı mənşəyi məlum olmayan kərə yağının sertifikatı kimi “SN Qida Təchizat” MMC tərəfindən təqdim olunan qida təhlükəsizliyi sertifikatı (“İdxalçı müəssisənin adı və ünvanı”, “göndərən müəssisənin adı və ünvanı”, “mənşə ölkəsi”, “yüklənmə yeri”, “istehsalçının adı və ünvanı bölmələri”)  saxtalaşdırılıb. 

“Bizim market” şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kiloqram məhsulun satışının dayandırılması və qadağan edilməsi  barədə qərar qəbul edilib və göstərilən məhsul partiyası dövriyyədən çıxarılıb. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məsələ ilə bağlı cavab ala bilmədik. Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Alçina Amilqızı, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO