Qubada qanunsuz ağac kəsimi faktı aşkar edilib.
Bu barədə Bizim.Media-ya yerli sakinlər müraciət edib.
Sakinlərin məlumatına görə,Quba şəhərinin yuxarı hissəsində - "Qız bənövşə" adlanan massivə gedən ərazidə ağacların kütləvi qırıntısı halı müşahidə edilib. Kəsilən ağaclar yeni yetişən, çox da qədim olmayan meşə ağaclarıdır.
Qırıntının ərazidə olan yaşayış evlərinin yaxınlığında aparıldığı deyilir.
Quba şəhər sakinləri yaşıl ciyərimiz olan təbiətin ağac fonduna zərər vuran şıxslərin cəzalandırılmasını tələb edirlər. Təbiəti qorumaq, hərə bir ağac əkmək əvəzinə, bir ağac kəssə, ekoloji fəlakətə doğru getmənin qarşısını kim alacaq?
Sakinləri narahat edən faktı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmazdakı 5 saylı ərazi təbii sərvətlər və ekolgiya idarəsinə çatdırdıq. Artıq qurumun əməkdaşları sözügedən ərazidə araşdırmaya başlayıblar.
Qurumdan bildirilib ki, kəsilən ağaclar meşə cinsli ağcaqayın, akasiya, göyrüc olmaqla 14 ədəddir. Hazırda araşdırmalar davam edir.
Qeyd edək ki, Bizim.Media olaraq fevral ayının 21-də Qubanın Dağlı kəndindən Vladimirovka kəndinə gedən su arxının kənarında yerləşən ərazidə ağacların kütləvi surətdə qırılması barədə məlumat vermişdik. Ağacların kim tərəfindən vəhşicəsinə qırması hələ də məlum deyil.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı ərazi idarəsinin məlumatı əsasında Qubanın hüquq-mühafizə orqanları həmin ağacları qıran şəxsi axtarır.
Araşdırmamızı davam etdiririk.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu