Şuşa Bəyannaməsinin BİRİNCİ İLDÖNÜMÜ – Tarixi sənədin Azərbaycana qazandırdığı DİVİDENDLƏR 

Şuşa Bəyannaməsinin BİRİNCİ İLDÖNÜMÜ – Tarixi sənədin Azərbaycana qazandırdığı DİVİDENDLƏR 

Hazırda oxunan: Şuşa Bəyannaməsinin BİRİNCİ İLDÖNÜMÜ – Tarixi sənədin Azərbaycana qazandırdığı DİVİDENDLƏR 

79287

Bu gün Azərbaycan və Türkiyəni rəsmi şəkildə müttəfiq dövlətlərə çevirən Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür.

15 iyul 2021-ci ildə Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan bu tarixi sənədin tərəflər üçün əhəmiyyəti isə olduqca böyükdür.
Təbii ki, Bəyannamənin Şuşada imzalanmasının özü də tarixi əhəmiyyətə malik idi. Çünki bu sənədin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi və rəmzi məna daşıyır və işğaldan azad edilmiş torpaqların məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqi idi.

Bundan əlavə, Şuşa Bəyannaməsinin imzalanması üçün seçilən gün heç də təsadüfi hesab edilə bilməz. Çünki 15 iyul tarixi 29 il əvvəl xalqımızın Qurtuluşunun təməlinə çevrilmişdi. Ötən il isə bu gün Azərbaycanın xarici təhdidlərdən tam və etibarlı müdafiəsini təmin edən tarixi addımın atılması ilə yadda qaldı. 

Qeyd edək ki, bu ilin fevralın dövlət başçıları tərəfindən imzalanan sənədlər ölkələrin parlamentlərində də ratifikasiya olunmaqla rəsmiləşdirilib. 

Ümumilikdə, bu sənədin əsasında üç əsas müddəa dayanırdı:

1. Şuşa Bəyannaməsindən 100 il öncə imzalanan Qars müqaviləsi Naxçıvanın qarantı olduğu kimi, bu sənəd Qarabağın təhlükəsizliyinin qarantına çevrildi. Təsadüfi deyil ki, Prezidentlər də imzalanma mərasimində Qars müqaviləsinə sadiq olduqlarını qeyd edərək “bir millət, iki dövlət” ideyasının 100 il sonra hər iki dövlətin siyasətində əvvəlkindən daha dərin yer tutduğunu sübuta yetirdi.  

2. Bu sənəd hər iki ölkənin faktiki olaraq xarici təhdidlərə qarşı vahid qüvvəyə çevrilməsini rəsmiləşdirdi. Yerləşdiyimiz coğrafiyanı və anarxik beynəlxalq münasibətlər sturkturunu nəzərə aldıqda, bu bəyannamənin bütün dünyada analoqu olmayan təhlükəsizlik təminatı olduğunu əminliklə söyləyə bilərik.

3. Azərbaycan ordusunun Türkiyə ordusu modelinə keçidi rəsmiləşdirdi. Artıq 44 günlük müharibənin yaratdığı zərurət, NATO standartlarında müasir ordunun savaş meydanında nə qədər effektiv olduğunu sübuta yetirmişdi. Ordunun tamamilə bu əsaslarla qurulması isə gələcək dövrdə hər hansı xarici təhdid ehtimalını minimuma endirəcək.

Şuşa Bəyannaməsi bir ildir ki, imzalanmasına baxmayaraq artıq bir sıra müsbət nəticələrlə yadda qalıb.

Birincisi, Türkiyə-Ermənistan normallaşması prosesi Azərbaycan-Ermənistan arasında münasibətlərin gedişatı və birbaşa rəsmi Bakının maraqları çərçivəsində davam etdirilir. Bu istiqamətdə artıq bir sıra önəmli addımlar da atılıb.

İkincisi, ötən ilin payızında İranla münasibətlərin gərginləşdiyi bir vaxtda Türkiyə faktoru cənubdan gələn təhdidləri minimuma endirməyə yardımçı oldu. İranın sərhədlərimizdə keçirdiyi təlimlərə cavab olaraq, Laçında Azərbaycan-Türkiyə birgə təliminin keçirilməsi buna örnəkdir.

Üçüncüsü, Azərbaycan və Türkiyənin həmmüəllifləri olduğu “3+3” formatı reallığa çevrildi.

Dördüncüsü, dünyada Soyuq Savaşdan sonra qütbləşmənin pik həddə çatdığı Ukrayna savaşı fonunda Azərbaycan və Türkiyənin oxşar, zaman keçdikcə doğruluğu daha çox sübutla təsdiqlənən balanslı xarici siyasət yürütməsi daha da asanlaşdı.

Beşincisi, Bəyannamədə öz əksini tapan iqtisadi əməkdaşlıq və bütün regional kommunikasiyaların açılması bəndi Ermənistanla Azərbaycan arasında nəqliyyat koridorlarının açılmasını bölgə üçün zəruriliyini daha aydın şəkildə ortaya qoydu. Və təsadüfi deyil ki, bu gün sülh gündəliyində həllinə ən yaxın olduğumuz məsələ məhz kommunikasiyaların açılmasıdır.

Altınıcısı, Azərbaycanda NATO tipli ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Buna ən uğurlu örnək kimi komando birliklərini göstərə bilərik.

Sadalanan nüanslarla yanaşı Şuşa Bəyannaməsi xalqlarımız arasında da  bağları möhkəmləndirdiyini əminliklə söyləyə bilərik. Elə işğaldan azad olunmuş ərazilərimizdə iki ölkənin bayraqlarının yanaşı dalğalanması bunun əyani göstəricisidir.

Cəmi bir il ərzində əldə olunan irəliləyişlərə nəzər saldıqda əminliklə söyləyə bilərik ki, Vətən müharibəsinin məntiqi davamı olan Şuşa Bəyannaməsi qələbəmizi qoruyub saxlamaq və inkişaf etdirməklə yanaşı, gələcək perspektivdə bütün regionun inkişafı üçün təməl rolunu oynayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO