Evləri köçkünlər tərəfindən zəbt edilən 70 sakindən ETİRAZ – “Komitə bizə düşmən kəsilib”

Evləri köçkünlər tərəfindən zəbt edilən 70 sakindən ETİRAZ – “Komitə bizə düşmən kəsilib”

Hazırda oxunan: Evləri köçkünlər tərəfindən zəbt edilən 70 sakindən ETİRAZ – “Komitə bizə düşmən kəsilib”

79242

Mənzilləri köçkün ailələri tərəfindən zəbt olunan bir qrup narazı sakin Bizim.Media-ya müraciət edib.

Söhbət Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 40-42 -60 məhəlləsi, bina 45 ünvanında mənzilləri olan sakinlərdən gedir. Tələbləri 30 il əvvəl köçkün ailələr tərəfindən zəbt olunan həmin ünvandakı mənzillərinin zəbt olunması və indiyədək boşaldılmaması ilə bağlıdır. 

Narazı sakinlər xatırladıblar ki, Dövlət başçısı Cənab İlham Əliyevin 2011-ci ildə köçkün ailələr üçün mənzillərin tikilməsi və zəbt olunmuş mənzillərin boşaldılması haqda sərəncamı var. Buna baxmayaraq Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi həmin sərəncama əməl etmir. 

Şikayətçi Arif Həşimov Bizim.Media-ya açıqlamasında 2013-cü ildən etibarən 70 sakinlə birgə sözügedən komitəyə müraciət etdiklərini qeyd edib:

“Dəfələrlə komitəyə müraciət etsək də, heç bir nəticə əldə etməmişik. Komitənin sədri Rövşən Rzayev və mənzil komitəsinin sədri Eldar Zeynalovla şəxsən görüşmüşük. Hər dəfə də müxtəlif bəhanələr gətirilib. Gah Qobuda, sonra Kürdəxanıda, daha sonra isə Ramanada köçkünlər üçün ev tikilib mərhələli şəkildə köçürüləcəklərini bildiriblər. Hətta xahiş etdik ki, heç olmasa hərbçinin mənzilini və yaxud 16-17 il kirayədə yaşayan ailələrimizin mənzilinin boşaldılmasında köməklik göstərsinlər. Bu qədər kirayədə qalmaq olmaz axı... İnsaf da dinin yarısıdır. Dəfələrlə söz verilsə də, heç bir iş görülmədi. Mülkiyyət haqda olan konstitusiya qanunlarımızı tanımır. Bəzi ailələr məcburiyyətdən Avropa məhkəməsinə müraciət ediblər. Çünki bizim dövlətin çıxardığı məhkəmə qətnamələrini komitə tanımır”.  
 

MÖVZU İLƏ BAĞLI:

Keçmiş məcburi köçkünlər üçün tikilən mənzillər satışa çıxarılır


Arif Həşimov qeyd edib ki, özünün evi də daxil olmaqla Ukrayna dairəsi və “Aura” şadlıq sarayının yaxınlığındakı yarımtikili binalarda ümumilikdə 162 mənzil köçkünlər tərəfindən zəbt edilib:

“Hardasa 70 ailə köçürülsə, 162 nəfərin müqəddəratı həll olunacaq. Harada görünüb ki, 1992-93-cü illərin Qarabağ əlilinin, yaxud tankçının evi zəbt olunsun? 2018-ci ildə köçkünlərə 7000 mənzil verildi. Heç olmaya həmin ərəfədə 70 mənzil də zəbt olunmuşlara aid olardı. Bir var ki, düşmən evimizi zəbt edib, bir də var ki, öz vətənimizdə didərgin düşmüşük. Köçkün ailələrin vəziyyəti pis olsa da, heç olmaya hökumətin himayəsindədir. Biz ailələr də çarəsizik. Niyə bizə düşmən kəsiliblər? Mənim evimdə yaşayan köçkün Zəngilanlıdır. Komitədən bu yaxınlarda bildirilib ki, Laçında ev tikiləndə mənim problemim nəzərə alınacaq. Anlatmağa çalışıram ki, evimdəki Zəngilanlıdır, avtomatik necə Laçınlı oldu?
 

Bir sözlə, məsələni istədikləri kimi uzatmaqda davam edirlər. Köçkünlr bizim də soydaşlarımızdır. Mənzillərimizin sənədləri və məhkəmə qərarları əlimizdə ola-ola, onları evdən küçəyə atmaq istəmirik. Bu, düzgün deyil. Amma Komitə bizim problemə də isti yanaşmalıdır”.


Şikayətçi növbəti həftə Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin önündə 60 nəfərdən ibarət sakinlə aksiya keçirəcəklərini və ölkə başçısına müraciət ünvanlayacaqlarını da bildirib.

Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Bizim.Media-ya bildirib ki, Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur, eyni zamanda məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir:

“Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. İşğaldan azad edilmiş ərazilərə respublikanın şəhər və rayonlarda müxtəlif təyinatlı müvəqqəti məskunlaşma obyektlərində yaşayan məcburi köçkünlərin köçürülməsi zamanı başqasının mənzilində yaşayan məcburi köçkünlər də mərhələli şəkildə köçürüləcək”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO