Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən buraxılış imtahanlarının XI siniflərdə keçirilməsindən sonra Böyük Summativ Qiymətləndirilmənin (BSQ) keçirilməsinin nə əhəmiyyəti var? Belə çıxır ki, Təhsil Nazirliyi DİM-in keçirdiyi imtahanlara etibar etmədiyi üçün yenidən şagirdlərin bilik və bacarıqlarını sınayır?
Sosial şəbəkərlərdə ciddi müzakirə yaradan bu sualların cavabı maraq doğurub.
Üstəlik tədris ilində hər yarımil üzrə Böyük Summativ Qiymətləndirmə aparıldığı təqdirdə, yenidən tədris ilinin sonunda BSQ-nin aparılması birmənalı qarşılanmayıb. Narazı valideynlər şagirdlərin bu məsələdə həddindən artıq yükləndikləri qənaətindədirlər.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, “Yekun attestasiyasının aparılması Qaydaları”na əsasən, attestatda müvafiq fənlər üzrə buraxılış imtahanlarının nəticələri ilə yanaşı, fənlər üzrə illik qiymətlər də qeyd olunur:
MÖVZU İLƏ BAĞLI:
Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı test keçiriləcək - Təhsil İnstitutu
“Bu il 130 mindən çox 9-cu sinif şagirdi orta məktəbləri bitirdi. Orta məktəbdə 9 və 11-ci siniflərin bilik və bacarıqlarının yoxlanılması üçün DİM üç – Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənnindən imtahan keçirir. Bu il əvvəlki illərlə müqayisədə yekun attestasiya tədris ilinin ortasında həyata keçdi. 11-ci siniflər üçün bu imtahan mart, 9-cu siniflər üçün isə aprel ayında təşkil olundu. Burada imtahanların məqsədi fərqlidir. Buraxılış imtahanı şagirdlərin orta məktəb nəticələrinə hər hansı təsir göstərmir. Bu, daha çox kolleclərə və 11-ci siniflərin ali məktəbə qəbulu üçün birinci mərhə funksiyasını daşıyır. Sadəcə olaraq buraxılış imtahanındakı nəticələr gələcəkdə onlara fərqlənmə attestatı, yaxud medal almağa təsir göstərən amillərdən hesab edilir”.
Ekspert əlavə edib ki, buraxılış imtahanlarında şagirdlərin göstərdikləri nəticələrdən asılı olmayaraq onlara yekun qiymət verilir:
“Hətta buraxılış imtahanında şagird 0 bal toplasa belə, onun əsas qiyməti orta məktəbdə yazılandır. O zaman sual doğur ki, bu imtahanın məqsədi və mahiyyəti nədir? Çox təssüf ki, hazırda buraxılış imtahanlarının 9-cu sinifdə məqsədi çox aşağı salınıb.
Yəni o qədər də əhəmiyyət daşımayan məsələyə çevrilib. Bütün hallarda bu imtahanlar DİM tərəfindən tədris ilinin başa çatmasına 5, 10 və ya 15 gün qalmış keçirilsə, daha yaxşı olar. Bu da uşaqların dərsə davamiyyətinə də öz təsirini göstərər. Buraxılış imtahanı vermiş şagirdlər dərsə gəlmək istəmir və hesab edirlər ki, iş bitib. Buraxılış imtahanında əldə edilən nəticələr attaestanın yuxarı tərəfində sadəcə balla yazılır. Əvvəllər müəyyən toplanan ballar hardasa qiymətə çevrilirdisə, indi elə deyil”.
Alçina Amilqızı, Bizim.Media