Nəcməddin Sadıkovun “qara siyahısı”ndakı Kobra - ŞƏHİD POLKOVNİK

Nəcməddin Sadıkovun “qara siyahısı”ndakı Kobra - ŞƏHİD POLKOVNİK

Hazırda oxunan: Nəcməddin Sadıkovun “qara siyahısı”ndakı Kobra - ŞƏHİD POLKOVNİK

7850

Ötən il oktyabrın 26-da şəhid olan Xeyrulla İbrahimov 1992-ci ildə ən gənc hərbi hissə komandiri idi.

Bizim.Media xəbər verir ki, polkovnik-leytenant Xeyrulla İbrahimov 2020-ci ilin 26 oktyabr tarixində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olub.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid olmamışdan beş dəqiqə əvvəl evinə zəng etdi - VİDEO 


II Fəxri Xiyabanda dəfn olunan qəhrəmanın həyatına nəzər salaq:

Xeyrulla İbrahimov 19 aprel 1971-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1988-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini başa vuraraq Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbinə daxil olur və 1992-ci ildə həmin məktəbi artilleriya ixtisası üzrə bitirib. 

Həmin tarixdən 930 saylı hərbi hissədə haubitsalı artilleriya divizionunun qərargah rəisi, divizion komandirinin müavini təyin edilib.

Xeyrulla İbrahimov 1992-ci ildə Azərbaycanın ən gənc hərbi hissə komandiri olub. Həmin il Laçın, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər rayonlarının müdafiəsi uğrunda döyüşlərdə qəhrəmancasına iştirak edib. Xeyrulla İbrahimov 1994-cü ildə Füzuli rayonunda işğalçı ermənilərlə döyüşdə yaralanıb. 

Şıxlinskidən sonra 2-ci “artileriya allahı” kimi də tanınan Xeyrulla İbrahimovun hərbi ləqəbi “Kobra” olub.

I Qarabağ müharibəsində onun qətli üçün ermənilərin pul mükafatı ayırdığı barədə məlumatlar da mövcuddur. Bu informasiyanı Rusiya mediası da təsdiqləyib. I Qarabağ müharibəsində ermənilərə qan udduran artileriyaçı savaşdan sonra da müxtəlif hərbi vəzifələrdə çalışıb. 2009-cu ildə isə, hərbi hissə komandiri təyin olunan Xeyrulla İbrahimov iki il sonra könüllü olaraq təxris olunub. 

Təhsilini bitirən kimi I Qarabağ savaşına qatılan, birbaşa ön xəttə yollanıb, 21 yaşında ikən hərbi hissə komandiri olan, rayonlarımızın müdafiəsi üçün vuruşan, 1994-cü ildə yaralanan və qəlbindəki ilk arzu işğal olunan torpaqlarımızı azad etmək olan bir vətən fədaisi ordudan niyə könüllü təxris olunsun ki? Əlbəttə ki, onun təxris olunması barədə qeyd olunan informasiya rəsmi xarakter daşıyır.

Bəzi şaiyələrə görə isə, 3 dəfə ilin ən yaxşı zabiti seçilən Xeyrullanı ordumuzdakı bəzi satqınlar vəzifəsindən uzaqlaşdırıb. Hərbçi yoldaşlarının deməsinə görə, onun uğurları Nəciməddin Sadıkovu və əlaltılarını çox narahat edirdi. Ona görə də “qara siyahı”ya salınmışdı. 

“Artileriya allahı” II Qarabağ Savaşına qədər düz, 9 il taksi sürücüsü kimi ailəsini dolandırdırmaqla məşğul olub.

Bunu da tanışları deyir.  Deyirlər ki, 44 günlük savaşa da Xeyrulla İbrahimov çox gizli çağrılıb. Onun vətən sevdasını bilən keçmiş hərbçi dostlarından biri Bakıdan artileriyaçı siyahısı tələb olunanda Xeyrulla İbrahimovun da adını həmin vərəqə xəlvət qeyd edir ki, Kobranın könüllü təxrisini “təşkil edənlər” agah olmasın. Sınaq atışına çağırılan Xeyrulla İbrahimov 9 illik fasilədən sonra bir atışla 2 düşmən hədəfini məhv edir və hamını məəttəl qoyur. Bakı korpusu üzrə artileriya rəisi təyin edilir. 

Xeyrulla İbrahimov deyəndə “özü özünə həbs verən komandir” deyimi çox adamın yadına düşür.

Çünki o, xidməti ilə hərbi nizamnəmənin, andın müqəddəsliyini tərənnüm edirdi. Əfsanəvi hərbçi haqqında danışılan digər özəllik onun hərbi papağının uc hissəsinin köməkliyi ilə düşmən hədəflərini təyin edə bilmə bacarığı idi. 

Xeyrulla İbrahimov 2020-ci il oktyabrın 26-da şəhid olur. Rəsmi olmayan məlumatlara görə, Şuşaya aid bir neçə kəndi işğaldan qurtardıqdan sonra Kobra Azərbaycan bayrağını götürüb, zirvəyə sancmaq istəyərkən düşmənin top atəşlərinə məruz qalıb və şəhid olub. Ölümündən sonra Prezidentin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalına layiq görülən Xeyrulla İbrahimovun iki övladı var.

Ötən ilin iyununda analarını da itirən Anar və Ləman İbrahimli bir neçə ay sonra 49 yaşlı ataları ilə də çarəsiz vida yaşamalı oldular. 

Xeyrulla İbrahimov haqqında yazılanları analiz edənlər “vətən sevgisi nədir” sualına cavab tapacaq. Ən gənc yaşlarını I Qarabağ savaşında keçirən Xeyrulla İbrahimov sonrakı xidməti ilə də hər kəsə nümunə olmağa çalışıb. 2011-ci ildə müəmmalı təxris olma, 9 il peşəsinə yad işlərdə çalışması, 1994-cü ildə aldığı güllə yarası da onun vətən sevgisini sarsıtmadı.

Təhsildən sonra ilk iş yeri I Qarabağ savaşında torpaqların müdafiəsi olan Xeyrulla İbrahimovun son peşə vəzifəsi də II Qarabağ müharibəsində torpaqlarımızı azad etmək oldu. Vətən fədaisi nə deməkdir? Vətən fədaisi xərçəng xəstəliyinə görə həyat yoldaşını itirib, 2 azyaşlı balası ilə müharibəyə getmək üçün sağollaşan atadır. 

Torpaqlarımızı qanı bahasına 3 rəngli bayrağımıza boyayan qazi və şəhidlərə hər zaman ehtiram göstərilməlidir.

Onların valideynsiz qalan övladlarını yalnız dövlət qayğısı ilə sevindirmək çətin olar. Şəhidlərimizin övladları bizim üçün əlimizdən yerə salmağa qorxduğumuz dini kitab qədər müqəddəs və dəyərli olmalıdır. Həyatı bir neçə bölümlü, lap olsun qısametrajlı film mövzusu olan igidlərimizin xatirəsini əbədiləşdirən ekran əsərləri lentə alınmalıdır.

Anar və Ləman İbrahimlinin timsalında digər şəhid övladlarının da haqqıdır ki, ata yoxluğuna bu cür layihələrlə ovunsunlar. Kədərdən bükülən boyunlara məğrur, başı uca gəzməyi öyrətməliyik. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO