“Tək aksiz vergisi tətbiqilə sağlam həyat tərzini təşviq etmək mümkün deyil. Əksinə, təklifin reallaşması şəkərli içkilər üzrə qiymətlərin artması ilə nəticələnəcək”.
Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli İcbati Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin şəkərli içkilərə aksiz dərəcəsinin tətbiq edilməsi barədə səsləndirdiyi təklifi dəyərləndirərkən deyib:
“Bu təklifin məğzi ondan ibarətdir ki, qiymət baha olarsa, insanlar şəkərli içkilərdən az istifadə edəcək və bu sağlamlıqlarına müsbət təsir göstərəcək. Lakin məsələyə belə anaşma yanlış olmaqla yanaşı, köhnə yanaşmadır. Artıq dünyada bu tip məsələləri təşviq proqramları, insanları maarifləndirmək, məlumatlandırmaq yolu ilə həll edirlər”.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda şəkərli içkilərə aksiz dərəcəsi tətbiq olunacaq? – TƏKLİF
İqtisadçı hesab edir ki, sözügedın təklifin reallaşması heç nəyi dəyişməyəcək, sadəcə bir məqsədə xidmət edəcək. Həmin məhsullar üzrə qiymətlər yüksələcək. Ona görə də N. Cəfərliyə görə, təklif çıxış yolu deyil:
“Finlandiya keçən əsrin 80-ci illərində dünyada içkilərə ən yüksək aksiz vergisi təyin edən ölkə idi. Bunun nəticəsində ölkədə spirtli içkinin qiyməti xeyli bahalaşdı. Amma spirtli içki qəbul edən insanların sayı azalmadı. Əksinə, insanlar içkini qonşu ölkələrdən daha ucuz qiymətə almağa başladılar. Bu da onu göstərir ki, sözügedən addım tütün məmulatları və spirtli içki qəbul edənlərdə olduğu kimi, şəkərli içki içənlərin sayının azalmasına da təsir etməyəcək. Əvəzində, qiymətlər bahalaşacaq”.
Rüfət Sultan, Bizim.Media