Küçələrdə QƏSSABXANA AÇANLAR – Stres altında kəsilən heyvan əti insan orqanizmini ZƏHƏRLƏYİR!

Küçələrdə QƏSSABXANA AÇANLAR – Stres altında kəsilən heyvan əti insan orqanizmini ZƏHƏRLƏYİR!

Hazırda oxunan: Küçələrdə QƏSSABXANA AÇANLAR – Stres altında kəsilən heyvan əti insan orqanizmini ZƏHƏRLƏYİR!

78071

Xalq olaraq ət və ət məhsullarına olan sevgimiz danılmazdır. Hətta əksəriyyətin “ət xörəyi yeməsəm, elə bilirəm ki, ac qalıram” deyimini də tez-tez eşitmiş oluruq. Lakin heyvanların saxlanılması, kəsim prosesi kimi arxa planda qalan məsələlərə bir çox ət sevərlər biganədirlər.

Demək olar ki, məhəllələr və insanların sıx olduğu ərazilərdə ət dükanlarındakı görüntü ürək dağlayır. Günlərlə qəssabxana önündə soyuq, isti demədən saxlanılan, kəndirlə bağlanmış və kəsimini gözləyən 4 ayaqlı canlı... İstisnasız deyək ki, şəhərimizin hər yerində bu cür qəssabxanalar var.
Bu ürəkdağlayan mənzərəni kiçikdən-böyüyə hər kəs görür. Hələ uşaqların psixologiyasına axşam “böyürtüləri”, əli qanbıçaqlı dayıların tərli sifətləri necə təsir edir, bu ayrı söbətdir.

Bəs qanunvericiliklə məsələ necə tənzimlənir? 

Qanunvericiliyə görə ət kəsimi üçün nəzərdə tutulan yerlər bir qayda olaraq qapalı olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə əsasən, baytarlıq baxışından keçirilməyən, baytarlıq tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmamış yerlərdə heyvanların kəsilməsi bir qayda olaraq qadağan edilir.

Belə hallar aşkar olunarsa fiziki şəxslər üçün 200-300, vəzifəli şəxslər üçün 500-600, hüquqi şəxslər üçün isə 1500-2000 manat arasında cərimə nəzərdə tutulur. 
Stress içində kəsilən heyvanların əti insan orqanizmini ZƏHƏRLƏYİR! 

Qida üzrə baş mütəxəssis Ağa Salamov Bizim.Media-ya açıqlamasında bildirib ki, heyvan ətinin faydalı olması onun saxlanma şəraiti ilə birbaşa əlaqəlidir:

“Təəssüflər olsun ki, hətta bu işlərlə əlaqəli AQTA adlı qurumun fəaliyyət göstərməsinə baxmayaraq, bəzi kəsim yerlərində heyvanlara qarşı adil davranılmır, həmçinin saxlanma şəraiti qətiyyən standartlara uyğun gəlmir. Misal olaraq, elə Xırdalan bazarını göstərmək olar. Görürük ki, heyvanları natəmiz şəraitdə və boğazını kəndirləyərək stress içində saxlayırlar. Kəsimdən öncə heyvan sərbəst olmalıdır. Amma bizim əksər qəssablar bu detallara fikir vermirlər.

Heyvana əziyyət veriləndə, qorxanda onun beynindən ifraz olunan hormonlar qanını zəhərləyir. Sonra da belə zəhərlənmiş heyvanları alıcılar fərqinə varmadan alır. Nəticədə yeyilən bu ət insan orqanizmində də aqressiyaya, stressə və digər problemlərə səbəb olur”, -deyə A.Salamov bildirib. 

Xarici ölkələrin təcrübəsini nəzərə alsaq, orada heyvanların saxlanma və kəsim şəraiti innovasiya texnologiyalarına uyğun, səliqəli şəkildə həyata keçirilir. Ölkəmizdə bu praktikadan niyə hələ də istifadə olunmadığı isə sual doğurur. 
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə ünvanladığımız sorğuya isə hələlik cavab gözləyirik. Araşdırmamız davam edəcək.

Səkinə Yusibli, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO