Bu ilin ilk 5 ayında Azərbaycan Uşaqlar Birliyinin sığınacağına zorakılığa məruz qalmış 40 uşaq daxil olub. Onların 30-u sığınacağa yerləşdirilib. 10 nəfərin bir neçəsi ailələrinə, digər qismi isə Sosial Xidmətlər Agentliyinin sosial sığınacağına yönləndirilib.
Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı məsələdən danışarkən qeyd edib.
Onun sözlərinə görə Azərbaycan Uşaqlar Birliyinin sığınacağında hazırda 40 uşaq yaşayır. Onlardan 8-si sanatoriyaya göndərilmişdi. Bu gün doğma evlərinə qayıdıblar:
“Hər il ortalama zorakılığa məruz qalan, şiddət görən 250-270 uşağın problemi ilə qarşılaşırıq. Sığınacağımız yalnız zorakılığa məruz qalmış uşaqların reablitasiyası istiqamətində ixtisaslaşıb. Bu uşaqlar atılmış, imtina olunmuşlar deyil, əsasən zorakılıq qurbanlarıdır. Onların bəzilərinin artıq ailələri yoxdur. Ən çox anaları qətl olunmuş, ataları həbs olunmuş, narkotik istifadəçisi, övladlarını dilənçiliyə sövq edən valideynlərin uşaqları var. Bu problemlərin olmaması üçün ilk növbədə ailə modelimizi təkmilləşdirməli və gücləndirməliyik. Mədəniyyətimizi və dəyərlərimizi doğru-düzgün təbliğ edərək, erkən nikahların qarşısının alınması, ailələrin uşaqlarla əşya kimi davranmaması, uşaqlara diqqətin artırılmasına çalışmalıyıq. Valideyn bilməlidir ki, uşaq təkcə onun deyil, həm də dövlətindir”.
Kəmalə Ağazadə uşaqların təminatı üçün maliyyə probleminin olduğunu da vurğulayıb:
“Hansısa layihə çərçivəsində fəaliyyət göstərmirik. Xeyriyyəçi və mərhəmətli insanlar, sıravi vətəndaşlar tərəfindən bizə dəstək olunur. Təkcə bu gün sığınacağımıza xeyli sayda məktəblərdən axın olub.
Valideynlər öz əlləri ilə balalarımıza şirniyyatlar və hədiyyələr gətirir. Bu hal ənənə olaraq hər gün baş verir. Təbii ki, uşaqların təminatı üçün maliyyəmizin olmasını istərdik. Bu gün ayaqda durmağın modelini təkcə xeyriyyə işləri ilə idarə edə bilmərik. Səğınacaq olaraq peşə bacarıqlarını inkişaf etdiririk və əl işlərimizin təqdimatını edirik. Oradan gələn gəlirdən həm sığınacağın ehtiyacları ödənilir, həm də uşaqlar üçün ayrıca olaraq büdcə formalaşdırılır”.
Alçina Amilqızı, Bizim.Media