Mayın 28-də Bakıda atıcılıq üzrə Dünya Kubokunun açılışı keçirilib.
Bizim.Media xəbər verir ki, açılışı Azərbaycan Gənclər və İdman nazirin müavini Mariana Vasilyeva edib.
M.Vasilyeva Azərbaycana gələn qonaqları salamlayaraq, ölkədə atıcılıq idman növünə marağın olduğunu bildirib və bu mötəbər yarışın Bakıda keçirilməsindən qürur duyduğunu qeyd edib.
Nazir müavini bu günün Azərbaycanın Müstəqillik Günü olduğunu da vurğulayaraq, bu vacib bayramda ölkəmizdə olduqlarına görə iştirakçılara təşəkkürünü bildirib.
Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov yarış iştirakçılarına uğur arzulayıb.
Beynəlxalq Atıcılıq İdman Federasiyasının prezidenti Vladimir Lisin Dünya Kubokunun Bakıda keçirilməsinin Azərbaycan Prezidentinin ölkə idmanına diqqət və qayğısının göstəricisi olduğunu qeyd edib.
“Biz bilirik ki, atıcılıq idman növünə ölkədə marağın olması böyük zəhmətin və diqqətin nəticəsidir”,- deyən Federasiya prezidenti turnirin təşkilinə görə təşəkkür edib.
Tədbirin rəsmi açılışı mərasimindən sonra Dünya Kubokunun seçmə mərhələ atışları keçirilib. 29 may-7 iyun tarixləri arasında final yarışları baş tutacaq.
Bizim.Media