Elşad İskəndərov: 50-Keçmiş komitə sədri və diplomata ad günü təbriki əvəzi

Elşad İskəndərov: 50-Keçmiş komitə sədri və diplomata ad günü təbriki əvəzi

Hazırda oxunan: Elşad İskəndərov: 50-Keçmiş komitə sədri və diplomata ad günü təbriki əvəzi

75530

Elşad İskəndərov 50-ni “haqladı”. Mən onu təxminən 20 ilə yaxındır tanıyıram. Azərbaycanın BMT təmsilçiliyində işlədiyi və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu adlı təşkilatın yarandığı dövrdən. Amma onunla daha yaxından tanışlığım əlbəttə ki, İskəndərovun 2012-ci il mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmasından sonra baş verdi.

Bu o dövr idi ki, Yaxın Şərqdə “ərəb baharı” dalğası ilə terror müharibələri başlayıb, radikal islamçı təşkilatlara dünyanın hər yerindən, o cümlədən Azərbaycandan ilk cəlbolunmalar qeydə alınır, dini radikalizm, məzhəblər arasında gərginlik yüksəlirdi.

Ölkə daxilində dini vəziyyət daha pis idi. 2010-cu ildə orta məktəblərdə süni baş örtüyü qadağası tətbiq olunub və buna cavab olaraq etiraz aksiyaları, iki dəfə (2010 dekabr və 2011-ci il may aylarında) hicab aksiyası baş vermiş, ardınca kütləvi həbslər həyata keçirilmişdi.

Şiə icması içərisində günlük də olsa həbsə düşməyən çox az adam qalmışdı. 65-dən çox insan İslam Partiyası fəallarının həbsi prosesində saxlanılmış, istintaq prosesi davam edirdi. Başqa sözlə, dindarlar dövlətin əsas düşməni elan olunmuş, dövlət və dindarlar arasında dərin bir uçurum yaranmışdı.



Əlbəttə, bu prosesdə həlledici olmasa da, aparıcı rol Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məxsus idi. Lakin Komitə öz funksiyasını yerinə yetirməkdən, yəni dövlət və din arasında vasitəçi olmaqdan daha çox din zəmində gərginliyi daha da körükləyən bir quruma çevrilmişdi.

Elşad İskəndərov belə bir gərgin, çıxılmaz deyilən bir vəziyyətdə Komitəyə sədr təyin olundu. Cəmi 23 ay ərzində dini sferada respublika səviyyəsində ciddi dəyişikliyə nail ola bildi.

Dövlətin dindarlarla yaxınlaşması, barışıq yarandı, Azərbaycanın müstəqillik tarixində ilk dəfə dövlətin baş din məmuru – komitə sədri Aşura günü məscidə gedərək süni formalaşdırılmış gərginliyi, dövlətin dinə düşmən olduğu obrazını dağıtdı. Elşad İskəndərovun işlədiyi iki il həm ölkəmizdə, həm də regionda ən gərgin dövrlər olsa da, ölkədə daha bir hicab aksiyası, həbslər və məhkəmə prosesi baş versə də, gərginlik azaldı.

İlk dəfə 2012-ci ilin payızında Azərbaycan prezidenti Azərbaycanda hicaba qadağa qoyulmadığını rəsmən açıqladı və iki il davam edən hicab gərginliyi böyük ölçüdə zəiflədi. Dövlətin planlı din siyasəti müşahidə olundu və Respublika tarixində ilk dəfə dinlə bağlı sabit bir siyasi xətt, dövlətin dinə düşmən olmadığı obrazı formalaşdırıldı.

Özü də maraqlıdır ki, bütün bu işləri DQİDK sədri köhnə komanda ilə apardı. Elşad İskəndərov iki il “köhnə komanda” ilə işlədi, heç bir müavini dəyişmədi, bir-iki nəfər istisna olmaqla keçmiş heyətlə ciddi işlər gördü.



Amma İskəndərovun həddən artıq müstəqil, təşəbbüskar və hakimiyyətdəki “nəhənglərə” qarşı etinasızlığı tezliklə ona qarşı ciddi müxalifətin yaranmasına səbəb oldu. Digər tərəfdən, onun dövlət və din arasında barışıq yaratması hakimiyyətdəki dindarlar üzərində “əcinnə ovu” təşkil edən, bundan siyasi divident qazanan PA rəhbərliyi, Eldar Mahmudov qruplaşması ilə ciddi konfliktə səbəb oldu.

Bu sıraya QMİ sədri Hacı Allahşükür Paşazadə ilə yola getməməsi də əlavə olunduğu üçün İskəndərova hər tərəfdən təzyiq artdı. Ən sonda rəqibləri ona qarşı mediada kampaniya başlatdılar. Nəticədə hakimiyyətin ən gənc nazir-komitə sədrləri, 40 yaşında DQİDK sədri təyin olunmuş perspektivli İskəndərov iki il tamam olmamış, 23 ayında işdən azad edildi.

Ancaq haqqında aparılan kampaniyaya rəğmən Elşad İskəndərov “yıxılmadı”, yenidən köhnə yerinə, İƏT Gənclər Forumuna qayıtdı və 4 aydan sonra İstanbulda İƏT Gənclər Forumunun qurultayında təşkilatın sədri seçilməyə nail oldu. Daha 4 il bu nüfuzlu İslam ölkələri təşkilatında Azərbaycanı təmsil etdi.

Azərbaycanda bir qayda olaraq ümumi fikir budur ki, biz müsəlman xalq olduğumuz üçün bütün müsəlman ölkələri bizi tanıyır və dəstəkləyir. Amma bu, yumşaq desək illüziyadır. İƏT üzvü olan 57 müsəlman ölkəsi və ya müsəlman çoxluğu olan ölkələrin əksəriyyətində Azərbaycan haqqında məlumat azdır.

Bir çox yaxından tanıdığımız ərəb və müsəlman ölkələrində isə güclü erməni diasporu var. 20 ilə yaxın İƏT-in fəaliyyətini və müsəlman ölkələri barədə yazan bir jurnalist kimi mən orda Azərbaycanla bağlı qərarların heç də həmişə çox asanlıqla qəbul olunmadığının, əksinə Azərbaycan əleyhinə ciddi kampaniya aparılmasının şahidi olmuşam.



Məhz bu səbəbdən də İƏT kimi böyük qurumun yeganə gənclər təşkilatının Azərbaycanın təşəbbüsü ilə (yeri gəlmişkən, bu prosesin əsas aparıcısı E.İskəndərov olub – K.R.) yaradılması və bunun sayəsində Azərbaycanın ərəb dövlətlərinin dominant olduğu bu təşkilatda söz sahibi olması mühüm diplomatik və siyasi nailiyyət idi. Bu işdə prosesin bəzən canlı şahidi olmuş biri kimi deyə bilərəm ki, Elşad İskəndərovun böyük xidmətləri olub.



İskəndərovun 50 yaşı tamam olur. 10 il əvvəl ad günüdən 10 gün sonra yüksək posta təyin olunan Elşad İskəndərov hakimiyyətin ən gənc və perspektivli kadrları sırasında idi. İndi isə 10 il ötüb, artıq olqun, təcrübəli diplomat, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiridir. Yenidən öz zamanını gözləyir.

Mənbə: Müsavat.com
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO