Azərbaycan Medianın İnkişafı Agentliyi tərəfindən aprelin 29-da Metrix.az layihəsinin təqdimat mərasimi baş tutub. “Metrix.az” portalı 64 veb-sayt və 30 telegram kanalı üzrə 10 dəqiqəlik, saatlıq, günlük, həftəlik və aylıq olmaqla media məkanının təhlilini, oxunan vebsaytların və xəbərlərin reytinq və statistikasını müəyyənləşdirir.
Layihənin yaradıcısı “Digitalks” şirkətinin baş direktoru Ayaz Əhmədov Bizim.Media-ya eksklüziv müsahibə verib.
- Yerli sayğaclara keçiddən öncə, ölkəmizdə xarici sayğaclardan geniş istifadə olunurdu və yerli sayğacların yaradılması məsələsinə də bir müddət əvvələ kimi ciddi maraq yox idi. Sizcə, hansı əsas səbəblər "Metrix.az" platformasının yaradılmasını zərurətə çevirdi?
- Biz 2018-ci ildə “Digitalks” şirkətini təsis etdik. Bizim ilkin addımımız yerli digitial infrastrukturu qorumaq olub. Yerli sayğac ideyasının ərsəyə gəlməsi isə 44 günlük müharibə dövrünə təsadüf edir. Yadınızdadırsa, o zaman bizi internetdən söndürdülər. Biz o zaman sual verdik: “Bu niyə baş verdi?”. Bunun cavabı isə çox sadə idi, çünki xarici maraq qrupları Azərbaycan vətəndaşlarını feyk xəbərlərlə “target” (hədəf almaq) edirdilər. Çoxumuzun “facebook”da qarşımıza “sputnik.armenia”, “vesti.kafkaza” kimi saytlar çıxırdı. Biz bunun səbəblərini araşdırmağa başladıq. Aznet-də 90% saytlarda Rusiyanın sayğacları olan “liveinternet”, “mediametrix” və “yandex”in sayğacları işləyir.
Bunları aşkar etməksə çox asandır. Onların işləmə mexanizmi isə bu cürdür: əgər bir şəxs hər hansı sayta daxil olub xəbər oxuyursa, bu keçidin məlumatı xarici ölkələrə gedir. Bu məlumat toplanılır və gələcəkdə həmin şəxsi feyk xəbərlərin hədəfinə çevirmək çox asan olur. Bu da birbaşa dövlət kibertəhlükəsizliyində boşluq yaradırdı. Nəticə olaraq isə ölkəmizdə bunun qarşısını almaq üçün bizi internetdən söndürdülər. Yerli metriksin yaradılması ideyası da məhz buradan gəlir.
- Bəs, layihənin reallaşdırılmasına nə zamandan start verildi?
- Elə həmin vaxtdan etibarən, Media İnkişaf Agentliyi (MEDİA), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə görüşdük. Bu layihəni MEDİA ilə müzakirə etdik və sağ olsunlar, bizə dəstək verdilər. Artıq 8 aydır ki, MEDİA ilə bu layihəni inkişaf etdirməyə və tamamlanmış formada bazara çıxarmağa çalışırıq. Və artıq 2 həftə öncə təqdimat mərasimi də baş tutdu.
- Metrix.az-a daxil olduqda, platformanın hələ bet-versiya mərhələsində olduğuna şahid oluruq. Bəs, bütün funksiyalardan nə zaman istifadə etmək mümkün olacaq? Bununla bağlı tarix planlaşdırılıbmı?
- Bəli, var. Sentyabra qədər bütün funksiyalar olmasa belə, onların 80%-ni reallaşdırmağa çalışırıq. O cümlədən, hər bir saytın özəl bir idarəetmə paneli olacaq. Məsələn, siz saytınıza daxil olarkən görə biləcəksiniz ki, kimlər, haradan, hansı cihazlardan istifadə etməklə sayta girirlər, yaxud hansı xəbərləri oxuyurlar. Eyni zamanda, analitik funksiyalar da olacaq. Məsələn, bir şəxs siyasətlə bağlı xəbər oxuduqdan sonra idman xəbərinə daxil olursa, siz saytınızda bunu görə biləcəksiniz. Bu, analitik təhlil aparmağa və mövzuları daha yaxşı formalaşdırmağa imkan verəcək.
- Gələcəkdə Azərbaycan sayğacından digər ölkələrdə də istifadə olunması mümkündürmü?
- Açığı, Rusiya-Ukrayna müharibəsi bizə fürsət yaradır ki, ən azından yaxın regionlara, Gürcüstana, Qazaxıstana, Özbəkistan kimi ölkələrə öz layihəmizi çıxaraq. Sözün düzü, bu barədə dəqiq bir planımız yoxdur, lakin düşüncələrimiz var. İlk növbədə çalışırıq ki, Azərbaycanda 100 faiz işlək bir məhsul olsun, ondan sonra digər ölkələri düşünərik.
- Yerli sayğac vasitəsilə iş adamları, investorların saytların əsl reytinqini müəyyən etməsi mümkün olacaq. Bu reklam gəlirləri və ya digər formalarda yerli saytlar üçün hansı yeni imkanları vəd edir?
- Bəli, reklam cəhətdən ciddi imkanlar yaradır. Biz artıq yeni platforma üzərində çalışırıq. Məlum olduğu kimi, yanvar ayından etibarən “cookies” (çərəzlər) mexanizmi ilə reklam artıq işləməyəcək. Çünki “Apple”, “Google” kimi şirkətlər artıq kukiləri bloklayır. Eyni zamanda, bir çox cihazlarda reklamı bloklamak imkanı da var.
Sayta girən insanlarsa saytın auditoriyasıdır. Onlar saytda bu reklamı görməməlidirlər. Məsələn, hər hansı bir şirkət sizin saytda yer almağı yox, sizin auditoriyaya çıxış imkanı əldə etməyi hədəfləyir. Və sayt olaraq siz, öz auditoriyanızı həm “facebook”da, həm “instagram”da “target” edə bilərsiniz. Biz elə bir platforma yaratmaq istəyirik ki, siz sayta daxil olanları digər platformalarda da “target” edə biləsiniz. Və gələcəkdə, siz sponsora yer yox, auditoriya satacaqsınız. Şirkət üçün nə fərqi var ki, sizin auditoriya reklamı saytda, yaxud digər platformalarda görəcək? Şirkət üçün əsas odur ki, reklamları görülsün. Biz saytlar üçün bu imkanı yaratmağı hədəfləyirik.
- Qeyd etdiyiniz kimi, xarici sayğaclardan istifadə kibertəhlükəsizlik baxımından ciddi problemlər yarada bilir. Bəs, Metrix.az-ın özünün təhlükəsizliyini tam olaraq təmin etmək mümkün olacaqmı?
- Metrix.az layihə olaraq bir neçə dövlət strukturu tərəfindən baxışdan keçirilib. Hal-hazırda vətəndaşların məlumatları dövlət serverlərində yerləşir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu baxımdan bizə böyük dəstək verib. Məlumatlar onların serverlərində yerləşir və dövlət tərəfindən qorunur. Hətta bizim özümüzün də həmin məlumatlara çox az çıxış imkanımız var. Bizim özümüzün də o məlumatlara sərbəst girişimiz yoxdur.
- Sonda Metrix.az-ın gələcəyi ilə bağlı gözləntilərinizi və arzularınızı öyrənmək istərdik.
- Biz, ümumiyyətlə, istərdik ki, ilin sonunda qədər Metrix.az təkcə infosaytları əhatə etməsin. Təhsil Nazirliyi ilə bu yaxınlarda görüş keçirməyi planlaşdırırıq ki, universitetlərin reytinqlərini vətəndaşlara təqdim etmək mümkün olsun. Eyni zamanda, “Ali&Nino” kitab evi ilə də danışıqlar gedir. Bu vasitə ilə kitabların reytinqini vətəndaşlara təqdim etməyi hədəfləyirik. Bundan əlavə, supermarketlərlə də danışıqlar aparılır ki, məhsullarla bağlı statistika təqdim edə bilək. İnşallah, yaxın dövrdə bu dəyişiklikləri metriksdə görə biləcəksiniz.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:33 / 13.05.2022
Milli sayğacımız vətəndaşlara hansı imkanları yaradacaq? – Metrix.az-ın yaradıcısı ilə MÜSAHİBƏ
Hazırda oxunan: Milli sayğacımız vətəndaşlara hansı imkanları yaradacaq? – Metrix.az-ın yaradıcısı ilə MÜSAHİBƏ
Hazırda oxunan: Milli sayğacımız vətəndaşlara hansı imkanları yaradacaq? – Metrix.az-ın yaradıcısı ilə MÜSAHİBƏ
74038
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.