Onlayn yolla müxtəlif elan saytlarında iş axtaran vətəndaşlara qarşı dələduzluq edərək onlara mövcud olmayan vakansiyalar təklif edən və bunun müqabilində zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirən şəxs saxlanılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, DİN-ə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanun pozuntularını törətməkdə şübhəli bilinən Sərastan Bəşirov tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs saytlarda dövlət qurumlarının adından müxtəlif vakansiyalar üzrə namizədlərin qəbulu barədə saxta elanlar yerləşdirərək sığorta haqqı adı ilə 200-dən artıq şəxsin pulunu ələ keçirib.
Qeyd edək ki, Sərastan Bəşirov elan saytlarında yerləşdirdiyi mətnlərdə özünü Emin Hüseynov kimi təqdim edib. Aşkar edilən faktlarla bağlı araşdırmalara başlanılıb və Sərastan Bəşirov tutularaq məsuliyyətə cəlb edilib.
Bizim.Media