( Şərif müəllimin xatirəsinə ithaf olunur)
Onu mən çox geç tanıdım, 90-cı illərin əvvəllərində. Kənddə idim, rəhmətə gedən var idi. Yas yerinə atamla birlikdə getdik. Biz çadıra daxil olanda təqribən 70 yaşlarında, bizim mollalardan fərqli geyimdə olan bir nəfər həzin bir səslə "Quran" oxuyurdu, əlinin işarəsi ilə bizə oturmağa yer göstərdi. Üzündə xəfif bir təbəssüm olan bu şəxsi birinci dəfə idi ki, görürdüm, buna baxmayaraq bu şəxsə özümdən asılı olmayaraq xoş bir münasibət, bir etimad, bir inam yarandı. "Quran" oxunuşundan sonra atamdan bu adamın kimliyini soruşdum- Şərif müəllimdir-dedi.
Şərif müəllim bizim kənddə - Kəmərlidə doğulsa da Bakıda ədəbiyyat üzrə ali təhsil aldıqdan sonra uzun illər Rustavi şəhərində yaşayıb, uzun dartışmalardan sonra bu şəhərdə 2 Azərbaycan məktəbinin açılmasına nail olub. Mən bunları çox sonralar bildim...
Həmin vaxtlar kənddə dolanışığın çətin olduğu dönəmlər idi. 3 tərəfdən erməni əhatəsində olan kənd, kənd cavanlarının, ilk özünümüdafiə dəstələrinin bir-iki ov tüfəngi ilə sərhədlərimizi qoruduğu vaxtlar... Həmin dövrlərdə, elektrikin az-az verildiyi vaxtlarda kənddəki uzunmüddət işləməyən qoşa dəyirmanı Şərif müəllim təmir elətdirdi və şaad ununu kənddəki kasıb ailələr arasında böldürdü. Bayram günlərində, əziz günlərdə sərhəddəki bütün postlara bayram hədiyyəsi apardı. İsti fətir, cücə qızartması, pendir, mer-meyvə dolu çantanı çox vaxt tək qolunda özü postlara aparırdı, kiminsə ona kömək etməsinə imkan vermirdi, saatlarla əsgərlərlə söhbət edirdi, vətən sevgisindən , özünün iştirakçısı olduğu, qolunun birini itirdiyi böyük vətən müharibəsindən...
Şərif müəllimi, dərin bilik və kamil iman sahibini Türkiyənin, Misirin böyük din alimləri də gözəl tanıyırdı. Kəndimizdən neçə gənci Şərif müəllim həmin ali məktəblərə göndərdi...
Sovetlər gəlməmişdən bizm kənddə yeddi məscid olub, sovetlər dağılanda bizim kənddə məscid qalmamışdı. Şərif müəllim bütün imkanları hesabına 10 il ərzində məscid tikdirdi, ömrünün son illərini həmin məsciddə yaşadı.
Şərif müəllim yas yerlərində pul yığılmasına da son qoydu, pulnan verilən yeməyin ehsan olmadığını dönə-dənə təkrarladı. Ehsan verməyə imkanı olmayana başqa heç kimin bilməməsi şərtilə ən yaxın qohumların kömək etməsi ənənəsini yaratdı. Mollalıq etdiyi dövrdə kimdənsə pul istəmədi, əksinə, kasıblara özü köməklik etdi... Bütün bunları mənə kənddə başqaları danışmışdı.
Mən Şərif müəllimlə atam rəhmətə gedəndə daha ətraflı tanış oldum, mərasimləri o aparırdı. Açığı, bu cür ağır bir gündə bu cür bir imanlı, əxlaqlı, qəlbi və siması nurla dolu bir adamın yanımda olmağı mənə çox böyük kömək etdi. Atam tam sağlam idi, heç gözləmədiyimiz halda beyinə qan sızma və... Mən heç olmasa onunla təskinlik tapırdım ki, atamı son mənzilə Şərif müəllim yola salır...
Şərif müəllimi hərə bir cür çağırırdı, Şərif müəllim, Şərif kişi, Axund Şərif, Molla Şərif, Şərif baba- hərəsi də bir şəxsiyyət!
Əhməd Oruc, Azadlıq Partiyasının sədri






























































































