Paytaxtın ən mənzərəli və qonaq-qaralı yerilərindən biri olan Qoşa Qala qapısının tam qabağında, Ədəbiyyat Muzeyinin sağ yönündə və Qoşa Qala qapısından üzü Milli Parka düşən Həsən Əliyev küçəsində illərdir hökm sürən parklanma xaosunu yığışdırmaq, deyəsən, hələ uzun müddət mümkün olmayacaq. Burada günün istənilən vaxtında yaşanan tıxacın da səbəbi adətən ərazidə saysız-hesabsız qaydasız şəkildə avtomobillərin saxlanması olur.
Parklanma yerləri gah Bakı şəhər İcra Hakimiyyətinə, gah da BNA-ya tabe edilsə də bu ərazidə heç cür səliqə-sahman yaratmaq mümkün olmayıb.
Yenidən bu funksiya Bakı meriyasına qaytarılsa da son bir ayda ərazidə xaos birə-beş artıb. Bir neçə ay öncə Nizami adına Ədəbiyyat Muzeyi ilə Həmkar İttifaqı Konfederasiyasının binası aralığındakı sahə təmirə bağlananda şəhər sakinləri sevinmiş oldu. İcra hakimiyyətindən bu ərazini təmir edərək insanların təhlükəsiz gəzintisi üçün təhvil verəcəklərini açıqlamışdılar. Amma heç bir ay keçmədi ki, xeyli dövlət vəsaiti xərclənmiş bu sahədən yenidən avtomobillərin qanunsuz parklanması üçün istifadə etməyə başladılar. Təbii ki, burada özbaşına iş çevirmək hər yoldan ötənin işi deyil. Çünki ərazi şəhərin ən gözəl yerində və Bakı İcra Hakimiyyətinin də cəmi 500-600 metrlik məsafəsində yerləşir.
Əhalinin şikayətini nəzərə alaraq Bizim.Media-nın əməkdaşları həmin adları çəkilən ərazilərdə olublar.
Apardığımız müşahidələr və söhbətlər zamanı kimin kimə tabe olduğunu və buradan yığılan pulun kimin cibinə axdığını heç cür müəyyən etmək olmayıb. Xüsusi olaraq qeyd edək ki, hələlik Nazirlər kabinetinin şəhərin açıq sahələrində parklanma yerlərinin pullu olması ilə bağlı qərarı yoxdur. Yəni, bütün açıq parklanma yerləri pulsuzdur.
Söhbətimiz zamanı parklanmaya qeyri-qanuni nəzarət edən şəxs əsasən ərazidə dayanan maşınların bəzilərinin Həmkarlar İttifaqı Konfederasiyasının işçilərinin, əksəriyyətinin isə özəl maşınlar olduğunu bildirdi. Ödənilən vəsaitin məbləğinə və hara getməsinə gəlincə nəzarətçi söylədi ki, konkret məbləğ söyləmirik, amma 1 manatdan aşağı da götürmürük.
Yığılan pulların kimə təhvil verilməsinə gəlincə isə bildirdi ki, o mənim işim deyil:
“Bizə deyirlər ki, Nəqliyyat nazirliyinə tabeyik (Azərbaycanda belə nazirlik çoxdan ləğv edilib - red.). O qədər də böyük maaş almıram, nə versələr “bərəkət” deyib götürürük. Ailəmizə çörək aparırıq, bizim nə dəxli var hara tabeyik? Mən tək deyiləm, 4-5 nəfərik, iki nəfər də böyüyümüz var, hərdən gəlib baş çəkib gedirlər”.
Nəzarətçi deyir ki, ara qarışanda bir də görürsən Nəqliyyat Agentliyindəm, bir də görüsən kimsə gəlib maşınların şəklini çəkib gedir:
“Cərimələməmək üçün onlarla da dil tapır böyüklərimiz. Artıq bir neçə vaxtdı dedilər ki, Bakı İcra Hakimiyyətinə tabeyik. Amma şefimiz deyir ki, biz elə həmişə onlara tabe olmuşuq da”.
Ərazidəki parklanma xaosu təkcə sürücüləri deyil, buradan piyada keçən sakinləri, turistləri də narahat edir. Sakinlər deyir ki, “vallah maşınlar o qədər iç-içə olur ki, aralarından keçmək belə müşkül məsələdir. Uşağı ilə, əlində kolyaskası olan analar isə lap çox əziyyət çəkirlər”.
Bir qadın söylədi ki, “Ədəbiyyat Muzeyinin yanını bağlayıb təmir edəndə sevindik. Düşündük ki, yəqin daha bura gəzintiyə çıxanlar üçün əlverişli yerlərdən birinə çevrilər. Amma təmir edib yenə maşınların ayağının altına verdilər. Bundan ötrü bu qədər dövlətin pulunu xərcləməyə dəyərdimi?”
Üzü Qoşa Qala qapısına, orada da Həsən Əliyev küçəsi ilə üzü aşağı düşdükcə yenə eyni mənzərədir. “Parkovşiklər”in çığır-bağırı, nalayiq söhbətləri və “blata” görə lap səkiyə çıxarılaraq, hətta az qala Natəvanın heykəlinə qədər saxlanılmış avtomobillər.
Vəziyyət kifayət qədər acınacaqlıdır və bunları ziyarətimiz zamanı bir daha öz gözlərimizlə gördük, lentə aldıq ki, sizə və əraziyə məsuliyyət daşıyan məmurlara da göstərək.
Məsələ ilə bağlı BNA-ya müraciət etmədik. Çünki qurumun sözçüsü dəfələrlə bildirib ki, şəhərdə parklanma “pulsuzdur” və biz məsuliyyət daşımırıq. Səlahiyyətlə Bakı İcara Hakimiyyətinə ötürülüb.
Bakı şəhər İcra Hakimiyyətindən isə şənbə günü olduğu üçün kimsəni tapa bilmədik. Amma araşdırmamız davam edir. Bayramdan sonrakı ilk iş günündə məsələyə qayıdacağıq.
Leyla Şah, Bizim.Media