Azərbaycanda peşə təhsilinin keyfiyyəti və bu istiqamətdə təhsil alan gənclərin iş tapmaq məsələsi son günlərin aktual mövzularındandır.
Belə ki, aprelin 26-da Milli Məclisin plenar iclasının gündəliyinə daxil edilən “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi geniş müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı fikirlərini bölüşən millət vəkili Etibar Əliyev peşə təhsili alan gənclərin iş tapmaqda problemlər yaşadığını, müəssisələrin işə qəbul zamanı universitet diplomu tələb etdiklərini qeyd edib. Rüfət Quliyev isə, peşə təhsili alan gənclərə tələbatın böyük olduğunu və işçi axtaran tərəflərin bu tip müəssisələrə müraciət etdiklərini vurğulayıb.
MÖVZU İLƏ BAĞLI:
“Peşə təhsili alanların işlə təmin olunmasına ehtiyac yoxdur” - Deputat
Bəs, əslində peşə təhsilli gənclərin əmək bazaında iş imkanları necədir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov qeyd edib ki, ölkəmizdə ixtisaslı fəhlə çatışmazlığı var:
“Böyük, müasir tikililərinin inşasında, məsələn Olimpiya Kompleksləri və digər müasir qurğular tikiləndə ixtisaslı fəhlələri biz kənardan gətiririk. Çünki bizim peşə təhsili indiyə qədər keyfiyyətli kadr hazırlaya bilmir. Bir çox peşə məktəbləri müasir işıqlandırma sistemini qura biləcək elektriklər hazırlaya bilmir. Onlar hələ də 70-ci illərin metodikasından istifadə edirlər”.
Sahib Məmmədov hər iki millət vəkilinin fikirlərində haqlı nüansların olduğunu vurğulayıb:
“Bəli, əmək bazarının ixtisaslı fəhlələrə ehtiyacı var. Amma əlində yalançı diplomu olanlara yox, peşəni müasir tələblərə uyğun bilənlərə. Digər tərəfdən onların iş tapa bilməməsi də doğrudur. Çünki onların diplomu bir çox hallarda işəgötürənləri təmin etmir. Ona görə də indi peşə təhsilinin keyfiyyətinin artırılmasına fokuslanılıb.
Bununla bağlı dövlət proqramı var və bir sıra qanunvericilik aktlarına dəyişiklik edilib. Bir sıra müasir peşə kolleci də yaradılıb. Lakin problem təhsilin müasir keyfiyyətlər səviyyəsinə çatdırılmamasıdır”.
Sahib Məmmədov peşə təhsilin bəzi hallarda ali təhsil qədər vacib olduğunu və bu istiqamətdə keyfiyyətin artırılmasının gənclərin əmək bazarında iş tapmaq imkanını daha da asanlaşdıra biləcəyini sözlərinə əlavə edib.
Murad Əhmədov, Bizim.Media