“Xudafərin” və “Qız Qalası” SES-lərinin tikintisi davam etdirilir - FOTO 

“Xudafərin” və “Qız Qalası” SES-lərinin tikintisi davam etdirilir - FOTO 

Hazırda oxunan: “Xudafərin” və “Qız Qalası” SES-lərinin tikintisi davam etdirilir - FOTO 

69964

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarına media-tur təşkil olunub. 

Bizim.Media xəbər verir ki, media-tur Energetika Nazirliyi tərəfindən təşkil olunub. 

Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi üzrə işlər davam etdirilir.

Onun sözlərinə görə, Araz çayı üzərindəki “Xudafərin” SES-in ümumi gücü 200 meqavat (100 meqavat Azərbaycan tərəfinin payına düşür), “Qız Qalası” SES-in ümumi gücü isə 80 meqavatdır (40 meqavat Azərbaycan tərəfinin payına düşür):

“Hər iki SES-də ildə ümumilikdə 716 milyon kilovat/saat (358 milyon kilovat-saat Azərbaycan tərəfinin payına düşür) elektrik enerjisinin istehsalı planlaşdırılır. Eyni zamanda, hidroqovşaqların istismara verilməsi nəticəsində Azərbaycan tərəfində 252 min hektar mövcud, 12 min hektar isə yeni kənd təsərrüfatı təyinatlı torpaqların suvarma suyu ilə təminatı nəzərdə tutulur”. 

Qeyd olunub ki, “Xudafərin” və “Qız Qalası” layihələri ilə bağlı ilkin layihələndirmə işlərinə SSRİ dövründən başlanılıb. Uzun müddət aparılmış müzakirələrdən sonra 1991-ci ildə yekun texniki layihə hazırlanıb və 1992-ci ildə tikinti işlərinə başlanıb.
Torpaqlar 1993-cü ildə Ermənistan tərəfindən işğal olunduqdan sonra tikinti işləri dayandırılıb, 1996-1997-ci illərdən isə Azərbaycan Respublikası və İran İslam Respublikası ilə ikitərəfli razılaşma əsasında hər iki hidroqovşaq üzrə tikinti işləri İran İslam Respublikasının müvafiq şirkətləri tərəfindən davam etdirilib. 

2016-cı ildə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb. Bu Saziş hazırda layihələrin icrası prosesində əsas tənzimləyici sənəd statusunu daşıyır.

Sazişə əsasən, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərilməsi məqsədi ilə Birgə Texniki Komissiya yaradılıb.

Bu komissiyanın fəaliyyəti üzrə Azərbaycan tərəfindən səlahiyyətli orqan Azərbaycan Respublikasının Energetika Nazirliyi müəyyən edilib.
Birgə Texniki Komissiyaya həvalə edilmiş tapşırıqların icrası məqsədilə işçi qrupları yaradılıb və müvafiq istiqamətlər üzrə işlər davam etdirilməkdədir.

Hazırda, hər iki hidroqovşağa aid bəndlərin tikinti işləri 99% başa çatdırılıb. Su elektrik stansiyalarının tikintisinin və hidroqovşaqların istismara verilməsi üçün qalan digər işlərin görülməsi ilə bağlı tərəflərin sifarişçiləri arasında sıx əməkdaşlıq davam etdirilməkdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO