Son bir neçə ildə ev almaq istəyənləri saxta müqavilə ilə aldadanların sayı ciddi şəkildə artıb. Xüsusən, yeni tikilmiş evlərin alqı-satqı proseslərində vəzifə saxtakarlığı və dələduzluq halları üzrə rəqəm çox yüksəkdir.
Bəs MTK-lardan ev almaq istəyən insanlar saxta müqavilə ilə qarşılaşdıqda nə etməlidir?
Bizim.Media-ya danışan əmlak eksperti Elnur Fərzəliyev ilk olaraq vətəndaşların MTK-lara qarşı inamsızlığın səbəblərini göstərib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda neçə nəfərə ipoteka krediti verilib? – RƏSMİ CAVAB
“Zərərçəkmiş insanların sayı həddən artıq çoxdur, hətta 100-lərlədir. Bir mənzilin bir neçə insana satılmasını həyata keçirən saxta müqavilələr o qədər çoxalıb ki, artıq insanlar müqavilə üzərindən ev almağa ehtiyat edirlər. Bu gün əgər müqavilə ilə satılan mənzilin 1 kvadratı 1000 manatdırsa, bu məbləğ həmin mənzilə çıxarış veriləndə 1200-1300 olur. Vətəndaşlar baha olsa da, çıxarışı gözləyirlər ki, alacaqları ev etibarlı olsun. Sabah bu mənzilin digər əlavə sahibləri çıxmasın”.
Elnur Fərzəliyev aldadılmış insanların illərlə məhkəmə çəkişmələrində vaxtlarını, vəsaitlərini itirdiyinə də toxunub:
“Elə vətəndaşlar var ki, illərdir bu problemlə bağlı məhkəmələrdə sürünürlər. Ən yaxşı halda MTK rəhbəri həbs olunur, lakin vətəndaş bundan heç nə əldə etmir. Necə deyərlər “it də gedir, ip də”. Təsəvvür edin, ev üçün bir ömür xərcləyib pul toplayıb mənzilə sahib olmaq istəyə adamın halını. Bu cür hallar təkcə Azərbaycanda yox, zamanla Rusiyada, Türkiyədə də baş verdi, lakin sonra mexanizm hazırladılar ki, hansısa formada bu cür dələduzluqdan qurtula bilsinlər. Belə dələduzluqların baş verməsində də əsas səbəb ondan ibarətdir ki, yeni tikilən binaların hansısa dövlət orqanı tərəfindən reysteri aparılmır. Möhür və müqavilə MTK rəhbərində olur və bir mənzili kimə istəsə, sata bilər, vətəndaşın bundan bəzən xəbəri də olmur.
Belə hallar çox vaxt tikilməkdə olan binalarda baş verir. Çünki ən azından hazır bina mənzillərin sahibi bəlli olur, zamanla evə gəlib təmir edir və yaşayırlar. Tikilməkdə olan binalarda dələduzluq hadisələri yetəri qədər olduğu üçün bu artıq Azərbaycanın əmlak sahəsində əsas problemə çevrilib”.
O, problemin həlli ilə bağlı islahatçı yeni modeldən söz açıb. Bildirib ki, təcili şəkildə satış mexanizmi formalaşdırılmalıdır:
“Tikinti şirkəti tikməli, satışı dövlət orqanı aparmalıdır. Təsəvvür edin, hər hansısa bir vətəndaş bir bankdan müəyyən bir pul vahidi, məsələn 5, 10, 15 min pul götürürsə, bank mütləq verdiyi məbləği iki dəfə artıq girov götürmək, zamin tələb etməklə öz verdiyi pulu zəmanətə alır.
Vətəndaş isə müqaviləli binalardan mənzil alarkən külli miqdarda- 50 min, 100 min, hətta bir neçə yüz min pul ödəyir və sadəcə özəl hüquqi şəxsin verdiyi kağız parçası ilə kifayətlənməli olur”.
Əmlak ekspert açıqlayıb ki, saxta müqavilə ilə ev satqısını həyata keçirən hüquqi şəxslərdən vətəndaşların qorunması üçün yeni plan hazırlanır:
“Bunun qarşısını almaq üçün ötən həftə dövlət başçısının sərəncamı ilə yeni milli fəaliyyət planı hazırlanır. Həmin planda həmçinin daşınmaz əmlaklarla bağlı bir neçə müddəalar var. Əsas məsələ 2022-2024-ci illərdə tikilməkdə olan binalarda müqavilə ilə satılan mənzillərin vahid informasiya bazası yaradılmasıdı. Vahid informasiya bazası o deməkdir ki, vətəndaş bir şirkətdən mənzil almaq istəyirsə, şirkətə yaxınlaşmadan informasiya bazası hansı orqana tabe olacaqsa, o qurum vasitəsilə mənzillə bağlı tam ətraflı məlumat ala bilər. Mənzillərin alqı-satqıları rəsmi surətdə aparılarsa, növbəti illərdə belə halların sayı azalacaq”.
Mia Quliyeva, Bizim.Media