Kişilər boşandığı keçmiş həyat yoldaşlarını niyə RAHAT buraxmırlar? - PSİXOLOQ səbəbləri AÇIQLADI 

Kişilər boşandığı keçmiş həyat yoldaşlarını niyə RAHAT buraxmırlar? - PSİXOLOQ səbəbləri AÇIQLADI 

Hazırda oxunan: Kişilər boşandığı keçmiş həyat yoldaşlarını niyə RAHAT buraxmırlar? - PSİXOLOQ səbəbləri AÇIQLADI 

68657

Son vaxtlar ölkədə bir-birinin ardınca baş verən amansız qətl hadisələrinin sayı durmadan artır. Qurbanların əksəriyyəti isə zərif cinsin nümayəndələridir. Həyat yoldaşları tərəfindən fiziki, mənəvi və psixoloji işgəncələrə məruz qalan qadınlar isə boşananlardır. 

Maraqlıdır ki, boşanmış cütlüklər arasında təqib, qətl və cinayət halları "ənənə" halını almağa başlayıb. Tərəflər boşanandan sonra ər, keçmiş həyat yoldaşını rahat buraxmır. Mütəmadi olaraq onu təqib edir, tərk edildiyini həzm etmir və azadlığı ilə barışmır. 

Azərbaycanda boşanma mədəniyyəti niyə yoxdur?
 

MÖVZU İLƏ BAĞLI:

Qadınlar və kişilər niyə xəyanət edir? – REAL HEKAYƏLƏR


Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Samirə Bağırovanın fikrincə, ailə məsələləri ilə bağlı yeni qaydalar qüvvəyə minməlidir:

“Bu hal psixoloji problemli kişilərdə baş verir. Adətən bu tip insanlar paranoid şəxsiyyət pozuntusu olanlardır.Yalnız kişilər deyil qadınları da bu sıraya aid etmək olar. Paranoidlər-qapalı, qeyri–səmimidilər. Eqoistdilər və başqalarının fikri ilə razılaşmazlar. Tənqidə aqressivdilər. Onlar üçün yalnız şəxsi fikirlərinin doğruluğudur. Bu insanlar qarşı tərəfə qarşı qoyduqları məqsədə doğru sona qədər getdikləri üçün onları "Kamikadze" də adlandırmaq olar və cinayət məsuliyyəti daşıyan psixopatlarlardı.

Özgüvənsiz, qapalı, aşırı qısqanc, şübhəci, emosional asılılıq, günahkar səbəbkar axtarmaq və s. kimi sindromların əlamətləri də davranışlarında təzahür olunur. Bu cür psixi xəstə ilə boşanma qərarı verən xanımlar maksimum ehtiyatlı davranmalı, qıcıq hərəkətlərə yol verməməlidirlər. Boşanma hər iki tərəfin tam razılığı ilə sakit bir şəkildə problemli tərəfin razılığını almaqla, psixoloji dəstək alaraq baş verməlidir.(Loru dildə desək bişim-bişimlə).

Əks təqdirdə qıcıq, kin hissləri intiqama çevrilir və faciəvi nəticə ilə sonlanır. Xanımlar da bəzən bilərək qıcıqverici hərəkətə yol vermiş olurlar, ən azından necə bir insandan  boşandığını bilirlər”.


Psixoloqun sözlərinə görə demək olar ki, bütün ölkələrdə bu hala rast gəlmək mümkündür:

“Elə bir ölkə yoxdur ki, hamının psixoloji durumu sağlam olsun. Hətta bu yaxınlarda Rusiya kanalında eyni hadisəyə rast gəldim. Əslində məsələ az yaxud çox halda baş verməsindədir. Ona diqqət etsək bəli, müsəlman ölkələrində oxşar hadisələr çoxluq təşkil edir. Bu da ondan irəli gəlir ki, müsəlman ölkələrində qadın hüquqları qorunmur, hətta baxılmır. Necə ki, ailə məişət zəmnində baş verən problemlərə baxılmır ki, ailəiçidir özünüz həll edin getsin. Hətta ayıblayırlar ki, yoldaşını polisə şikayət edib.
 

Buna ciddi yanaşılsa, ailə məsələləri ilə bağlı yeni qaydalar qüvvəyə minsə, düşünürəm ki, xeyli dəyişikliklər olar. Hətta valideynin uşağa şiddəti ilə bağlı məsələ də ciddiyə alınsa, insanlarda məsuliyyət yaranar”.


Psixoloq qeyd edib ki, hələ də Azərbaycanda qadın sözünün nə dəyəri nə də hörməti var:

“Nə üçün Azərbaycanda boşanan xanımın adı ləkələnir, ikinci dəfə ailə qurma şansı olmur? Niyə Azərbaycan qadını boşananda, qoltuğuna ata evindən gətirmədiyi uşağı verib "lüt" yola salırlar? Digər ölkələrlə müqayisə edin ki, Azərbaycan xanımı həm cehiz gətirir, həm bakirəliyini itirir,  həm də uşaq doğur, amma boşanmada bir alimenti belə normal ala bilmir. Halbuki, kişi tərəfdən heç bir kompensasiya ödənilmədən zülmlə uşağın gələcəyinin təmin olunması qadına yüklənilir. Üstəlik anadan cəmiyyət üçün sağlam uşaq da tələb edirik”.

Samirə Bağırova hesab edir ki, ölkəmizdə nə vaxt boşanma şərtləri ciddiləşsə, insanlar evlənəndə daha diqqətli seçim edəcəklər:

“Yüz ölçüb, bir biçmiş olacaqlar. Dost kimi ayrılmağa gəlincə, həqiqətdə heç bir ölkədə belə bir ayrılıq yoxdur. Burada məsələ ölkədə deyil, sadəcə insanın dünyaya baxış acısından, mədəniyyətindən, etikasından, uşaqlar varsa onlara xatir ya nəyəsə xatir dostcasına ayrılma göstərişi var. Ya özü ya da psixoloqun köməyi ilə duyğuları ilə baş etmə var. Anlayışlı insan bilir ki, boşanma olsa belə, istər kişi, istərsə də qadın üçün həyat davam edir. Hər kəsin xoşbəxt olmaq hüququ var”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO